Kavakavəng, Zoğalbulaq kəndi
Kavakavəng və ya Müqəddəs Məryəm kilsəsi Xocavənd rayonunun Zoğalbulaq kəndi ərazisində yerləşir. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Traxtik olmuşdur. Kavakavəng tarixi-memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsə Quruçayın sağ sahilində konusvari təpənin zirvəsində yerləşir. Düzənlik ərazi ilə əhatə olunmuş kilsənin həyətindən ətraf ərazilərə, xüsusilə Ziyarət dağına gözəl mənzərə açılır.
Kitabənin mətnindən məlum olur ki, buradakı qədim kilsə 1742-ci ildə Dizaq məliyi Məlik Yeqanın təşəbbüsü ilə bərpa edilmişdir. Kilsədə hər il Merac bayramı keçirilirdi. Buradakı dağın zirvəsində ağ daşdan başdaşı olan müqəddəs Yaqubun qəbir yeri olduğunu yazır. Xalq arasında Kavak piri olaraq bilinən bu ziyarətgahda qədim xaçdaş və qəbir daşı vardı. Qədim monastır kompleksindən dövrümüzə çatan yeganə tikili Müqəddəs Məryəm kilsəsidir. Müəllif qeyd edir ki, kilsə vaxtilə böyük monastır kompleksinin mərkəzi olmuş və yadellilər tərəfindən qarət edilərək dağıdılmışdır. Vaxtilə monastır möhkəm qala divarına, rahib hücrlərinə və zəvvarlar üçün xüsusi otaqlara malik olmuşdur. Kilsə XIX əsrdə artıq xarabaya çevrilmişdi.
Kompleksə daxil olan tikililərdən dövrümüzə yalnız kilsə binası çatmış, dağılmış digər binaların daşları isə təpənin ətəyinə səpələnmişdir. Kilsə ətrafında müxtəlif tikililərin qalıqları, memarlıq detalları, naxışlı plitələr, xaçdaşlar və qəbir daşları vardır. Üçnefli bazilika formasında olan olan kilsə, 12.8x9.8 metr ölçülərə malikdir. 4 sütünun üstündə inşa edilmiş, orta ölçülərdə olan kilsənin inşaat texnikası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud daş və əhəng məhlulu hörgüsünə əsaslanır.
Kilsənin memarlığında yaxşı yonulmuş daşlardan hazırlanmış portal diqqəti cəlb edir. Kilsənin qərb portalı onu analoji tikililərdən fərqləndirən yeganə xüsusiyyətidir. Portal ağ daşlardan hazırlanmış və qeyri-adi naxışlarla bəzədilmiş kəmərlə çərçivələnmişdir.