Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2021 / Alban abidələri

Havaptuğ məbədi (XII əsr), Vəngli kəndi

Kəlbəcər rayonunun Vəngli kəndində Tərtər çayının sağ sahilində, qayalıq ərazidəki təpənin ətəyində XIII əsrə aid daha bir alban məbədi mövcuddur. Bu tarixi-memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbəd Vəngli kəndində yerləşən Xudavəng monastır kompleksinin 3 km qərbində, Gəncəsər monastır kompleksinin isə 5 km cənubunda yerləşir. Bu alban məbədi orta əsrlərə aid 20-dən çox tikilisi və otağı olmuş böyük monastır kompleksi idi. Kilsənin inşa olunma tarixi və sifarişçisi haqqında məlumat onun giriş qapısı üzərindəki timpanda yerləşdirilmiş kitabədə qeyd edilmişdir. Giriş qapıları kilsənin cənub hissəsində yerləşir. Qapının üstündəki kitabədən məlum olur ki, kilsə 1163-cü ildə tikilib, 1223-cü ildə isə bərpa edilib. Kitabədə yazılır: “...1163-cü ilin yayında, Vaxtanqın oğlu Həsən və onun həyat yoldaşı Mamkanın dövründə mən, ter Qriqorun bacısı oğlu Ter İohann və qardaşımın oğlu Georq, digər qardaşların köməyi ilə ruhumuzun xilas olması üçün valideynlərimizin xatirəsinə bu kilsəni inşa etdirdik”. Digər bir kitabədə isə 1223-cü ildə kilsənin Həsən Cəlal tərəfindən bərpa etdirilməsindən bəhs edilir.

Kompleks kilsə, narteks və kiçik sövmədən ibarətdir. Onların ətrafında dövrümüzə tam vəziyyətdə çatmamış digər tikililərin də qalıqları vardır. Baş kilsə isə üçnefli bazilika olub dövrümüzə qədər salamat çatıb. Monastırın əsas kilsəsi planda düzbucaqlı formaya va tağtavana malik zalı olan kilsələrdəndir. Kilsənin divarları kobud əhəngdaşı bloklarından hörülmüşdür. Qərb tərəfdən kilsə binasına planda kvadrat formaya malik, kiçik ölçülü, apsidasız bina birləşir. Həm kilsənin, həm də həmin binanın qapıları cənub tərəfdədır və onlar üçün ümumi olan narteksə açılır. Narteks binasının inşasında kobud çaydaşılarından istifadə edilmiş, damı isə taxta şalbanlarla örtülmüşdür. Kilsənin şərqində təpənin yamacında müxtəlif bədii ornamentli qəbir daşları və həndəsi heykəlləri olan orta əsrlərə aid böyük məzarlıq yeri olmuşdur.