Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.04.2021 / Alban abidələri

Harva kilsəsi (XIII əsr), Dovşanlı kəndi

Xaçın çayının sahilində yerləşən Dovşanlı kəndində, böyük qayalığın altında daha bir alban kilsəsi mövcuddur. Kənddə iki kilsə olduğu barədə məlumat verən XIX əsr müəllifləri yazır ki, Müqəddəs Məryəm ana kilsəsindən yuxarıda, kəndin şərqində daha qədim olan kilsə var. Müəllif bu kilsəni Anapat kilsəsi adlandırır. Qeyd etmək lazımdır ki, Dovşanlı kəndindəki kilsəni sovet müəllifləri Harva kilsəsi adlandırırdılar. Kilsədəki kitabəyə əsasən onun inşa tarixi XIII əsrə aid edilsə də, kilsənin quruluşu tikilinin daha qədim dövrə aid olduğunu göstərir. Bu alban məbədi qədim bir mağaranın içərisində inşa edilmişdir. Əslində bu qədim ibadətgah naməlum bir zahidin qəbrinin olduğu mağara-məbəd idi. Hündür qayanın altında qayadan süzülən şəlalənin sağında yerləşən bu məbəd bir-birinə, demək olar, bitişik iki kiçik kilsədən ibarətdir. Abidə böyük qaya içindəki mağaraya birləşən yonulmuş və hörgü ilə tamamlanmış ikizallı kilsədir. Uğurlu inşaat işi sayəsində qarşı tərəfdən onlar bir-birindən ayrı iki sovmə kimi görünür. Daxildən onların böyük hissəsi əhəngdaşı ilə suvanmış mağaraya bitişik olub, bütöv kilsə təsiri bağışlayır. Mağaranın girişi isə qapı və pəncərə ilə baglanmışdır. Buna görə kilsə bir-birinə bitişik yarımqaya zal təsiri bağışlayır. Kilsənin iki altarı var. Harva kilsəsinin qapısında böyük daşın üzərində 1249-cu ilə aid kitabə var. Buradakı böyük yonulmamış daşın üzərindəki kitabədə Xaçın və Aran (Alban) hökmdarı Cəlal Dövlə və onun oğlu Atabəyin adı çəkilir. Kilsənin divarındakı kitabədə onun inşa tarixinin XIII əsrə aid olduğu yazılıb. Kitabədə Cəlal Dövlənin oğlu Atabəy Xaçın və Aran knyazı olaraq qeyd edilir.