Ərikli sövməsi (XVI əsr), Ərikli kəndi
Araxış kəndi yaxınlığındakı Kürdhaçılı kənd inzibati ərazi dairəsində yerləşən Ərikli kəndinin ərazisi də Qafqaz Albaniyası dövrünə aid bir çox qiymətli memarlıq nümunələri ilə zəngin olmuşdur. Burada alban dövrünə aid sövmələrlə yanaşı antik qalalar, türbələr və digər bədii daş sənəti nümunələrinə də rast gəlinirdi. Ərikli kəndi ərazisində Qafqaz Albaniyası dövrünə aid abidə şovmə tipli alban məbədləri sırasına daxildir. Kəndin mərkəzində yerləşən sövmə XVI əsrə aid edilir. Məbəd binasının inşaat texnikası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yerli bazalt daşı və əhəng məhlulu hörgüsünə əsaslanır. Şovmənin xaricdən ölçüsü 10,70x5,20 metr divarının qalınlığı 1.0 metrə bərabər olmuşdur.
Abidənin cənub və şimal istiqamətlərindən iki giriş qapısı var idi. Ermənilər bu qədim alban abidəsini 1992-ci il işğalından sonra erməni kilsəsi kimi qələmə verməyə çalışmışlar. 2000-ci ildə Ermənistan Respublikasının Gorus rayonunda bir neçə saxta qəbir daşları və xaçdaşları hazırlayıb gətirərək abidələrin ətrafına düzmüşlər. 2007-ci ildə Ermənistan hökuməti tərəfindən Ərikli kəndindəki alban dövrü abidəsinə qanunsuz olaraq erməni kilsəsi statusu verilmişdir.