Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.07.2021 / Alban abidələri

Dəmirovlu pir məbədi (XI), Qaraqışlaq kəndi

«Dəmirovlu pir» adlanan Qafqaz Albaniyası dövrünə aid memarlıq abidəsi Laçın rayonunun Qaraqışlaq kəndinin bir kilometrliyində, şimal-şərq istiqamətində yerləşir. Hündür, əzəmətli qayaların əhatəsində, meşənin içərisində yerləşən bu qədim alban tikilisi düzbucaqlı formada inşa edilmiş sövmədir. Abidənin ölçüsü 5,80x2,50 metr, hündürlüyü 4,4 metrdir. Dəmirovlu pir məbədi içəri tərəfdən genişlənən iki pəncərəsi və bir giriş qapısı olan şovmədir. Tikili iki kiçik otaqdan ibarətdir. Otaqlardan birinin ölçüsü 4,30x3,15 metrdir. İkinci otağın ölçüsü isə 5,25x5,15 metrdir. Abidənin tikintisində yonulmuş narıncı bazalt daşlardan və əhəngdən istifadə olunmuşdur. Abidənin tavanı biri digərini tamamlayan, yonularaq xüsusi formaya salınmış sal daşlarla örtülmüşdür. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edilmişdir. Məbəd XI əsrə aid edilir. Lakin adından da göründüyü kimi bura pir yeri olmuşdur. Bir sıra alban məbədləri kimi Dəmirovlu pir məbədi də, xristianlığaqədərki inanc yerində inşa olunmuş və istər xristianlıq, istərsə də İslamın yayıldığı dövrdə xalqın inanc yeri olmaqda davam etmişdir. Lakin Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal edildikdən sonra bu abidənin də erməniləşdirilməsinə çalışılmışdır. 2006-ci ildə Ermənistan hökuməti tərəfindən bu qədim alban abidəsinə qeyri-qanuni olaraq erməni kilsəsi statusu verilmişdir.