Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2022 / Alban abidələri

Böyük Aran/ Müqəddəs Yaqub monastrı (IX-XIII əsrlər), Kolatağ kəndi

Qarabağ silsiləsinin yamacında yerləşən Kolatağ kəndi 1992-ci ildə Ağdərə rayonunun ləğv edilməsi ilə Kəlbəcər rayonuna birləşdirilmişdir. 1993-2020-ci illər boyu Ermənistan Respublikası silahlı qüvvələrinin işğalı altında qalıb.  Böyük Aran monastırı Xaçınçayın sağ sahilində Kolatağ kəndinin şimalındakı meşə ərazisində yerləşir. Tarixi ədəbiyyatda abidə yerləşdiyi əyalətin adına uyğun olaraq Böyük Aran monastırı adlandırılır. Orta əsr mənbələrində bu ərazi Aşağı Xaçın kimi də tanınırdı. Monastır ərazisindəki ilk tikililərin inşa tarixi məlum deyil. Monastırın ən qədim kitabəsi 853-cü ilə aiddir. Bu kitabə xaçdaş özülü üzərində yazılmış, daha sonra isə həmin daşdan divar hörgüsü zamanı təkrar istifadə edilmişdir. Bu, kilsənin daha qədim dövrə aid olduğunu söyləməyə əsas verir. Böyük Aran monastırı haqqında verilən məlumatdan aydın olur ki, kompleksə daxil olan kilsələrin birinin inşası 1223-cü ilə, digəri isə 1225-ci ilə aiddir. Buradakı qədim qəbir daşlarının üzərindəki yazı alban axiyepiskoplarından birinə aiddir. Monastırın qapısındakı kitabədə Vaxtanqın xanımı, Xaçın mülkünün sahibi Xoraşa xatunun (Hurişah) Böyük Aran kilsəsini bərpa etdirdiyi məlum olur. Qeyd etmək lazımdır ki, Xaçın hakimlərinin və onların ailə üzvlərinin türk adları – Qarabağdakı alban kilsələrinin kitabələrində qorunub saxlanılan Xaçın knyazı Həsən Cəlal (1214-1261), Həsən Cəlalın anası Xorişə xatun (Hurişah Xatun), həyat yoldaşı Mamqan, oğlu İvane-Atabəy, qızları Ruzuxan, Mama xatun və Mina xatun kimi şəxs adları Qarabağın bütün alban məbədlərindəki kitabələrdə oz əksini tapmışdır. Aran monastırı ərazisində Xaçın nəslinə aid daha bir neçə kitabə haqda məlumat verilir. Bu epiqrafik yazılarda Xaçın nəslinin nümayəndələrinin demək olar ki, hamısının türk adları olduğu məlum olur. Məsələn, kitabələrdən birinin Xaçın hakimi Həsən və onun xanımı Mamaxatunun nəvəsi Ərkana aid olduğu qeyd edilir. Məbədin qarşısındakı XIII əsrə aid daha bir kitabə isə Həsən Cəlalın knyazlığındakı Kutlu bəyə aid idi. XIII əsrin əvvələrində bərpa edilmiş monastırda növbəti dəfə yenidənqurma işləri XVII əsrdə aparılmışdır. Bərpa edilmiş hissələrdə daş hörgüsü digər hissələrdən fərqlənir. Belə ki, bərpa zamanı ilkin tikilinin daşları ilə yanaşı ətrafdakı xaçdaşlar və məzar daşlarından da istifadə edilmişdir. Xaçdaşlar tavan örtüyü üçün, üstü yazılı, yonulmuş daşlar isə künc daşı kimi istifadə edilmişdir. Kitabələrdən, 1691-ci ildə, daha sonra 1725-ci ildə monastırda yeni bərpa işləri aparıldığı məlum olur. Kompleksin müxtəlif hissələri IX-XVIII əsrlər boyu müxtəlif illərdə bərpa edilmiş, əsas tikililər isə XII-XIII əsrlərdə inşa edilmişdir.

Xaçın knyazlığının yüksəlişi dövründə, xüsusilə də XIII əsrdən etibarən Böyük Aran monastırı Alban Həvari Kilsəsi katolikoslarının iqamətgahı kimi fəaliyyət göstərmişdir. Bu barədə monastır ərazisindəki katolikos və yepiskopların adlarının həkk edildiyi məzar daşlarının üzərindəki kitabələrdə məlumat verilir. XIX əsr müəllifi Barxudaryan yazır ki, Böyük Aran monastırı Xaçın məlikliyinin yepiskopluğu olmuşdur. Monastır həm də Xaçının maarif və kitabçılıq mərkəzi kimi tanınmışdır. Barxudaryan Kolatağ kəndinin qədim qəbiristanlıq və məbədlərlə, eyni zamanda qəbirüstü yazılarla zəngin olduğunu yazır. Müəllif Kolatağ yaxınlığındakı daha 3 məbəd förmalı kilsə olduğu barədə məlumat vermişdir.Böyük Aran monastır kompleksi qala divarları ilə əhatə olunmuş iki kilsə, iki narteks və yaşayış binaları kimi köməkçi tikililərdən ibarətdir. Bütün binalar bir-birinə bitişikdir və əsasən bir-birinə keçidlərə malikdir. Daş qala divarları daxilində perqament əlyazmaların saxlandığı skriptorium, kaminli daş otaqlar, eyvanlı hücrələr, trapez formalı mətbəx binası, küncüt yağının əldə edilməsi üçün bina, çoxsaylı anbar binaları, su saxlancı və gözətçi məntəqələri yerləşir. Kompleksə daxil olan binaların inşası zamanı istifadə edilmiş xaçdaşlar, məzar daşları, karnizlər, arkalar, altarın yüksəlmə yerləri, qapı, pəncərə və buxarı çərçivələri orta əsrlər sənətkarlarının ustalığını nümayiş etdirir. Bütün bu binalar bizim dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır.Abidənin qapı hissəsində olmuş kitabədə 1222-ci ildə Xaçın knyazı Vaxtanqın xanımı, Həsən Cəlalın anası Xorişə (Hurişah) xatun tərəfindən kilsənin bərpa etdirilməsi barədə məlumat verilir. Kilsə orta əsr Qafqaz Albaniyası memarlıq ənənələrinə uygun inşa edilmişdir. Xristianlığın mövqelərinin möhkəmlənməsi ilə kilsənin gücü və təsiri artdıqca məbədlərin memarlığında da böyük birnefli bazilikalar daha mürəkkəb üçnefli bazilikalarla əvəz edilməyə başlasa da, Qafqaz Albaniyası memarlığında birnefli bazilikalar XIX  əsrə qədər varlığını davam etdirir. Lakin zaman keçdikcə onların ölçüləri kiçilir. Aran monastırı tağ-tavanlı bazilikaları da bu növ məbədlərdən idi. Monastırın qərbdə yerləşən, 8x3.4 m ölçü olan birinci kilsə Müqəddəs Yaqub kilsəsi olaraq bilinir. Tarixi mənbələrin verdiyi məlumata görə Müqəddəs Yaqub kilsəsi Qafqaz Albaniyasının müqəddəs ziyarətgahlarından biri olmuşdur. Nalvari formada apsidası olan kilsə ensiz, uzun və düzbucaqlı (7.80x3.20) formaya malik birnefli bazilikadır. Cənub və qərbdən iki girişə malik olan kilsə iki pəncərə vasitəsiylə işıqlandırılmışdır. Onlardan biri şərq divarında, xaçformalı ikinci pəncərə isə qərb divarında yerləşmişdir. Kilsənin altar hissəsi əsas ümumi döşəmədən hündürdə yerləşir. Altarın hündür olmasının səbəbi arxa tərəfdə altara açılan hücrələrdən birinin girişinin altında yerləşməsidir. Belə ki, kilsənin şərq divarında altara birləşən dörd kiçik, 1.30x1.30 ölçülü hücrə yerləşir. Hücrələrdən üçünün girişi ibadət zalında, birinin girişi isə altar yüksəkliyinin altındandır. Altara cənub tərəfdə yerləşən pilləkənlə qalxmaq mümkündür. Hücrələrin daha qədim dövrə aid olması və gizli yer kimi istifadə edilməsi kilsənin bu hissəsinin XII əsrdə bərpa edilmiş daha qədim tikili olduğunu göstərir. Portalın timpanındakı kitabə də bu ehtimalı təsdqiləyir. Kitabədən məlum olur ki, Xaçın knyazının xanımı Xorişə xatun, Böyük Aran kilsəsini yenidən inşa etdirmişdir.

Müqəddəs Yaqub kilsəsinin cənub-şərq divarına birləşən ikinci kilsə də birinci kilsə kimi eyni sadə planlaşdırmaya malikdir. Düzbucaqlı sadə zal (8.0x3.4) formasına malik bu kilsənin şərq divarında apsida vardır. Monastır kompleksinə daxil olan müxtəlif tikililər arasında ikinci kilsənin narteksi xüsusilə diqqəti cəlb edir. Kilsə kiçik ölçülü olduğu üçün insanların ibadət zamanı yerləşdirilməsi, hamının ora sığmasına imkan yaradılması məqsədilə Müqəddəs Yaqub kilsəsindəki narteks və kilsə binası arasında 2.5  m enə malik dəhliz inşa edilmişdir. Dəhlizin hər iki tərəfində böyük, zəngin bəzədilmiş xaçdaş yerləşdirilmişdir. Kitabələrin verdiyi məlumata görə, şimal divarındakı xaçdaş 1223-cü ildə, cənub divarındakı xaçdaş isə 1224-cü ildə ucaldılmışdır. Zəngin ornamentləri ilə diqqət çəkən dörd xaçdaşdan dəhlizin qərb pəncərəsinin yan blokları kimi istifadə edilmişdir. Bu xaçdaşların kitabələrindəki yazılar silinmişdir. Kilsə cənubda üçtağlı narteks tərəfdən, qərbdə isə ona bitişik sovmə-narteks tərəfdən olmaqla iki girişə malikdir. Beləliklə, üçtaglı narteks hər iki kilsənin xarici formaları ilə orqanik şəkildə uyğunlaşaraq, həm hər iki kilsəyə girişi təmin edir, həm də ümumilikdə kompleksin görünüşünə gözəllik qatır, Xudavəng (Kəlbəcər ), Carekvəng (Gədəbəy) monastırlarında olduğu kimi – mərkəz rolunu oynayır. Narteksin divarının inşasında xaçdaşlardan, uzunluğu iki metrə çatan məzar daşları və kitabəli daşlardan istifadə edilmişdir. Mavi daşdan ibarət divar hörgüsündə narıncı xaçdaşlar, boz məzar daşları və ağ daşdan hazırlanmış kitabəli daşlar kilsə divarını rəngarəng edir.

Narteks əsilzadələrin dəfn yeri olmaqla yanaşı, dini və ictimai məsələlərin müzakirə yeri kimi də istifadə edilmişdir. Burada döşəmə çoxsaylı məzar daşları ilə döşənmişdir. Döşəmədəki məzar daşlarının kitabəsindən burada Alban Həvari kilsəsinin katolikoslarının və yepiskopların dəfn edildiyi məlum olur. 1764-cü ilədək alban yepiskopları haqda monastırların, kilsələrin daş kitabələrində, xaç daşlarında məlumat verilirdi.

Böyük Aran monastırının ikinci kilsəsində katolikos qəbirləri var. Kilsənin dəhlizinin hər iki tərəfində böyük, zəngin bəzədilmiş xaçdaş yerləşdirilmişdir. Kitabələrə əsasən şimal divarındakı xaçdaş 1223-cü ildə, cənub divarındakı xaçdaş isə 1224-cü ildə ucaldılmışdır. Dörd xaçdaşı isə dəhlizin qərb pəncərəsinin yan blokları kimi istifadə edilmişdi. Kilsə XIX əsrədək fəaliyyət göstərən alban kilsəsi olmuşdur. Qarabağdakı Dizaypat, Kavak, Gtişvəng, Ag xaç, Amaras, Koçiz məbədi, Xudavəng, Yelisey monastırları kimi Böyük Aran monastırı da 1828-ci ildək, yəni ermənilərn Qafqaza kütləvi köçürülməsinədək cicəklənən vəziyyətdə olmuşdur. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Ermənilərin Qafqaza kütləvi köçü və Erməni Qriqoryan kilsəsinin Alban kilsələrinə yiyələnmək arzusu Alban Apostol kilsəsinin məhvinə gətirib çıxardı.

Çox keçmədən - 1836-cı ildə Qriqoryan kilsəsinin təkidi nəticəsində Rusiya imperiyasında Sinodun qərarı ilə Alban kilsəsi ləğv edilərək erməni kilsəsinin ixtiyarına verildi. Alban kilsəsinin fəaliyyətinin dayandırılmasından sonra bu kilsələrin hamısı dağ hamısı dağıdılmağa və eməniləşdirilməyə məruz qaldı.