Bağırxan məbəd kompleksi /Bovurxanavəng (XII əsr), Dağdağan kəndi
Bovurxanavəng və ya Bağırxan məbəd kompleksi Xocalı rayonunun Dağdağan kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. XII əsrə aid olan abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Monastır Bövurxan dağında dəniz səviyyəsindən 1700 metr yüksəklikdə, meşəlik ərazidə yerləşir və adını da dağın adından almışdır. Abidənin adı Bağırxan, Buruxan, Bovurxan kimi səsləndirilir. Monastır qədim, tərk edilmiş tikilinin yerində XVII əsrdə, 1646-cı ildə Vərəndə məlikləri olmuş Məlik Şahnəzər sülaləsinin nümayəndələrindən məlik Bağır (Baqr) tərəfindən yenidən inşa edildiyi üçün onun adı ilə də əlaqələndirilir.
Abidə özünəməxsus original memarlıq quruluşuna malikdir. Bovurxanavəng monastır kompleksi kilsə, bir neçə yaşayış və mülki binadan ibarətdir. Məbəd qala divarları ilə əhatələnmişdir. Bovurxanavəng monastırının qala divarları 40x18.5 metr sahəni əhatə edir. Qalın qala divarları şimal tərəfdə qayalıqlarla əvəzlənir.
Monastırın tikililərinin bir çoxu dövrümüzə ya qismən, ya da tamamilə dağılmış vəziyyətdə çatmışdır. Kompleksin şərq tərəfində yerləşən birnefli bazilika qismən yaxşı qalmışdır. Ölçüləri 9x5.6 metr olan kilsənin tağtavanı yeganə sütunla saxlanılır. Uzunsov ibadət zalının yarımdairəvi altar apsidasına kvadrat formalı iki niş əlavə edilmişdir. Kompleksin qərb tərəfindəki – qala divarları yaxınlığında rahib hücrəsi yerləşir. Tikilinin şərq divarında yerləşən yeganə qapı monastırın həyətinə açılır və onu digər tikililərlə əlaqələndirir. Otağın yeganə pəncərəsi qapı ilə üzbəüz – şərq divarında yerləşir.
Birnefli və tağtavanlı kilsənin inşasında əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yonulmamış kobud daşlardan istifadə edilmişdir. Otağın iç divarlarına bir neçə niş əlavə edilmişdir.
Kompleksi əhatə edən qala divarlarının qərb küncündə böyük dairəvi bürc vardır. Bürcün içində yerləşən oval formalı otaq ilkin görünüşünü saxlamışdır. Diametri 2.4 metr olan otağın divarlarında bir-birindən eyni məsafədə yerləşdirilmiş beş pəncərə vardır. Bu otaq uzun dəhliz vasitəsi ilə ölçüləri 10.6x3.5 metr olan böyük zalla əlaqələndirilmişdir. Zaldan şərqdə divar boyunca eyni ölçü və formalara malik dörd rahib hücrəsi vardır. Tağtavanlı dörd hücrədən ikisi pəncərəsizdir.


