Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.05.2015 / Alban abidələri

Alban monastırı (XII əsr), Xaçmaz kənd

Monastır Xaçmaz kəndinin yaxınlığındakı yüksək dağın zirvəsində yerləşir. Monastırının yerləşdiyi ərazidən Amaras monastırına və Fuzili ərazisinə geniş mənzərə açılır. Monastır erkən orta əsrlərə aid qədim məbədin yerində inşa edilmişdir.

Bu tarixi memarlıq abidəsi barədə verilən məlumatda Xaçmaz kəndi yaxınlığında dağın başında inşa olunmuş Şoşka monastırından bəhs edir, bu monastırın daha qədim dövrə aid olduğunu və müxtəlif dövrlərdə bərpa edildiyi yazılır. Kilsənin bünövrəsindən onun daha qədim dövrə aid olduğu anlaşılır. Sonrakı əsrlərdə monastır ciddi dağıntılara məruz qalsa da, XVII əsrdə yenidən inşa edilmişdir. Kilsənin divar hörgüsündə əvvəlki tikiliyə aid çoxlu sayda daşlar və qədim xaçdaşlardan istifadə olunmuşdur.

Müxtəlif tarixi dövrlərdə bərpa edilmiş abidənin inşasında yonulmamış ağ daşlardan istifadə edilmişdir. Birnefli bazilika formasına malik olan kilsə planda düzbucaqlı formadadır. İbadət zalının şərq hissəsində altar apsidası yerləşir.

Zalın tağtavanı qoşa pilonlar üzərində dayanır. Kilsədə xaç təsvirləri ilə bəzədilmiş altar var. Kilsə üç pəncərə və dövrümüzə çatmamış qərb tərəfdən narteksə açılan qapıya malikdir. Uzunluğu 9 m 18 sm, eni 6 m 25 sm olan monastırın bir altarı, 3 pəncərəsi, 1 qapısı olduğu barədə məlumat verilən mənbədə kilsədəki taxtın müxtəlif xaçlarla bəzədildiyini yazılır. Pəncərə və qapı yerləri, tağlar və pilonların hörgüsündə yaxşı yonulmuş daşlar, digər divar hörgülərində isə kobud daşlardan istifadə edilmişdir. Kilsə ətrafında çoxlu sayda dağılmış tikililərin qalıqları aşkarlanmışdır.