Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.04.2022 / Alban abidələri

Alban məbədi (500-cü il), Həsənriz kəndi

Həsənriz məbədi Kəlbəcər rayonunda, Tərtər çayının sol sahilində, Həsənriz çökəkliyində eyniadlı kənddə yerləşir. Həsənriz kəndi əvvəllər Ağdərə rayonuna daxil olmuş, 1992-ci ildən Kəlbəcər rayonuna birləşdirilmişdir. Kəndin keçmış adı Aterk olmuşdur. Tədqiqatçıların ehtimalına görə, Aterk çayın mənsəbə töküldüyü yer mənasında işlənən, türk dillərindəki atrak sözünun fonetik variantıdır. Kənd XIII əsrdə Alban intibahı dövründə Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlanmışdır. Həsənriz kəndinin adı Osmanlı qaynaqlarında 1727-ci ildə Çiləbürd nahiyəsinin tərkibində qeyd edilmişdir. XII əsrdə Həsənriz

(Aterk) Vaxtanq sülaləsinin iqamətgahı olmuşdur. XIX əsr müəllifinin verdiyi məlumata görə, Həsənriz (Aterk) kəndində alban dövrünə aid bur neçə qədim kilsə qalıqları olub. Həsənriz (Aterk) kəndinin şərq tərəfində, Tərtərin sol sahilində qədim tiklilər var. Müəllif kənddə Həsənriz məbədi ilə yanaşı Qaraxunç kilsəsinin də yerləşdiyini qeyd edir. Bu qədim kilsənin Həsənriz (Aterk) kəndində Tərtərin sağ sahilində yüksəklikdə təpənin başında yerləşdiyini yazır. Təpədəki qədim kilsənin arkası əyilmişdi. Bu təpə yerli əhali arasında Ulduzlu təpə adlanırdı. Ulduzlu təpə ziyarətgahı haqda hələ alban müəllifi Kalankatuklu V əsrdə baş vermiş hadisələrlə bağlı bəhs etmişdir. Müəllif burada naməlum bir qəbir yerinin xalq arasında böyük ziyarətgaha çevrildiyindən yazır. Rəvayətə görə, burada Alban ölkəsinin Uti vilayətindən olan knyaz nəslindən Taquhi adlı şəhidin qəbri var. O hun komandanı tərəfindən işgəncələrə məruz qalaraq oldürülmüşdü. Kalankatuklu yazır ki, Taquhi adlı alban əsilzadə qadın Hun sərkərdəsi tərəfindən işgəncə ilə oldürülür. “Taquhinin əzabla öldüyü yerdən güclü işıq gəldiyini və onun yırtılmış libasının hər yana atılmış parçalarının ulduz kimi işıq saçdığını gördülər. Həmin ulduz işığı bütün orada şəhid olanlardan da saçırdı. Bunu görənlər bu yerə Ulduzlu təpə adını qoydular və bu təpə indi də bu adla məşhurdur” (Kalankatuklu, I k., f.18). Tərtər çayının sahilində yerləşən Ulduzlu təpə adlanan bu qədim məzar yeri XIX əsrdə də böyük ziyarətgah kimi tanınırdı.