Ağoğlan məbədi (V-VI əsrlər), Kosalar kəndi
V-VI əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olmuş, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınmışdır. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlamış və alban dövrü memarlığının möhtəşəm nümunələrindənbirinə çevrilmişdir.
Əvvəllər məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapmışdır. Belə rəvayət edilir ki, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olmuş və bu məkanda qəsr tikdirmək qərarına gəlmişdir. Ətrafında yerli əhalidən tikinti işini bacaran könüllülərdən dəstə toplayıb işə başlamışdır. Xalqın sevgisini və rəğbətini qazanan gənc, çox yaraşıqlı olduğundan yerli əhali onu “Ağoğlan” adlandırıbmış.
Tikilən qəsr vaxtilə “Qaranquş qəsri” adı ilə də bilinmişdir. Bununla bağlı rəvayət də çox maraqlıdır. Deyilənə görə, günlərin bir günü, günorta yeməyi vaxtı bir qaranquş aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışırmış. Ətrafdakı insanlar quşun bu hərəkətinə maraqla tamaşa edir, lakin heç nə anlamırmışlar. Anidən qaranquş özünü qaynar qazanın içinə atıb öldürür. Bundan qəzəblənən aşpaz yeməyi kənara boşaldarkən qazanda ilan ölüsü olduğunu görür. Camaat isə heyrətdən donub qalır. Qəsrin sahibi xilaskar quşun ölüsünü təntənə ilə tikilinin yanında basdırır, qəsri də onun şərəfinə “Qaranquş qəsri” adlandırır. Lakin zaman ötdükcə qəsrin bu adı unudulmuş və məbədə çevriləndən sonra isə xalq arasında onu tikdirənin şərəfinə “Ağoğlan” kimi tanınmağa başlanmışdır.
Məbəd kifayət qədər böyük ölçülərə malikdir. Plan baxımından üç nefli olan düzbucaqlı bazilikadan ibarətdir. İbadət zalının bütün nefləri silindrik formalı tağlarla örtülmüşdür. İnteryer baxımından bazilika möhkəm yerli daş olan bazaltdan inşa edilmişdir. Tikilinin fasadının yan tərəfində zala yeganə giriş oyuğu var. Fasadın hamar səthləri yuxarı hissədə isə bir-birindən uzaq məsafədə yerləşmiş ensiz pəncərə oyuqları ilə kəsilir və zalın daxili məkanına bu oyuqlardan işıq düşür. “Ağoğlan” məbədinin daxili divarları yonulmuş iri, qara daşlarla üzlənmişdir. Vaxtilə divarlarda, mala üzərində tematik çoxrəngli rəsmlər çəkilmişdi. Onların çox hissəsi zamanla silinsə də, şimal divarında indiyədək qismən freska rəsmli fraqmentlər qalmaqdadır.
Zalın interyerinin yuxarı hissələrində daş üzərində dekorativ oymalar tətbiq edilmişdir. 1992-ci ildə erməni işğalçıları ərazini işğal etdikdən sonra “Ağoğlan” məbədini özünküləşdirməyə başlamışlar. Onlar məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silmiş, formalarını dəyişdirmişlər. Məbədin guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkitmişlər.
Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaçdaşlar basdırmış, binanın fasadını söküb kərmid və dam ilə örtmüşlər.
2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları dövlət qorunan abidəyə erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürüdüldüklərini bir daha əyani şəkildə göstərmişlər.
2020-ci il 1 dekabr Laçın rayonunun işğaldan azad edilməsilə Laçın abidələri, o cümlədən Ağoğlan məbədi də düşmən işğalından azad edilmişdir.








