Ağ xaç kilsəsi (XIV əsr), Çinarlı kəndi
Ağ xaç kilsəsi Xocavənd rayonun Çinarlı kəndində yerləşir. 1992-2020-ci il illərdə erməni işğalı altında olduğu dövrdə kənd Vəng adlanırdı. Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunduqdan sonra kəndin adı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Çinarlı olaraq dəyişdirilmişdir. Ağoglan kilsəsi yaxınlığında yerləşən bu tarixi-memarlıq abidəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasən kilsənin ən geci XIV əsrdə artıq fəaliyyət göstərdiyi məlum olur. Kilsə interyerində, şimal tağının altında yerləşdirilmiş xaçdaş 1333-cü ilə aiddir. Kilsə binasında XI əsrə aid kitabə qeydə alınmışdır. Narteksin portal timpanındakı kitabədə isə kilsənin 1735-ci ildə bərpa olunduğu qeyd edilmişdir. Kilsədə vaxtilə onun inşası, zəng qülləsinin qoyulması ilə bağlı kitabələr olmuşdur. Hazırda bu kitabələr yox edilmişdir. Kilsənin zəng qülləsində aşkar edilmiş kitabədən zəng qülləsinin 1674-cü ildə inşa edildiyi məlum olur. Zəng qülləsindən qərb tərəfdəki nişdə zəngin bədii ornamentli xaçdaş üzərindəki kitabə isə 1348-ci ilə aiddir.
Ağ xaç kilsəsi də digər alban məbədləri kimi Azərbaycan əhalisinin qədim inanc yeri olmuşdur. IV əsrdən xristianlıq Albaniyanın dövlət dini olduqdan sonra bütpərəst inanc yerləri, pirlər xristian məbədlərinə çevrildilər. Arxaik pirlərin yerində xristan kilsə və monastırları tikilməyə başladı. Ağ xaç monastırı da belə ibadətgahlardan olmuşdur.
Bu ibadətgaha tək kəndin əhalisi deyil, ətraf ərazilərdən 100 km uzaqlıqdan belə gələnlər olurdu. Əfsanəyə görə, kilsənin adı bir rahibin buraya möcüzəvi güçü olan xaç gətirməsindən qaynaqlanır. Kənd əhalisinin inancına görə, dəfələrlə bu xaçın yerini dəyişdirməyə çalışsalar da xaç öz-özünə geri qayıdırmış və ağ işıq saçırmış. Lakin artıq XX əsrin əvvəllərində kənddə aparılan etnoqrafik tədqiqatlar burada xaç olmadığını təsbit etmişdi. Kilsədə yalnız əfsanəvi xaçın təsviri vardı. Ağ xaç kilsəsindəki əfsanəvi xaça inamın təsirilə, insanlar uzunömürlü, sağlam olacaqlarına, düşmənə qalib gələcəklərinə, sonsuzların övlad sahibi olacağına inanardılar. Bütün Azərbaycan ziyarətgahlarında olduğu kimi bu ziyarətgahda da şam yandırar, kilsəyə xoruz, qoyun nəzir edərək kilsənin həyətində kəsər, pul nəzir edər, məbədin divarlarını öpərək dua edərdilər. Bura həftənin bütün günlərində ziyarətə açıq idi.
XX əsrin əvvəllərində yarıdağılmış kilsənin şərq tərəfindəki divarından gözəl bədii ornamentli relyefli yonulmuş daşlar düşmüşdü. Kilsənin yaxınlığında da ornamentli başdaşları vardı. IX əsrdə albanların Ktiş qalasında Ərəb xilafəti ordusuna qarşı azadlıq mübarizəsi dövründə Ağ xaç kilsəsi də dağıntılara məruz qalmışdı.
Ağ xaç kilsəsi vaxtilə bu ərazidə yerləşən monastırın başkilsəsi olmuşdur. Birnefli bazilika formasında olan kilsə, əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq müxtəlif tipli yonulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Zəng qülləsi ibadət zalının mərkəz hissəsi üzərində inşa edilmişdi.
Kilsənin narteks ilə birlikdə uzunluğu 15 m 75 sm, eni isə 7,1 metrə bərabərdir. İbadət zalının mərkəzində memarlıq baxımından maraqlı formaya malik altı sütun və sütunlar üzərində ucalan piramidavari dama malik zəng qülləsi inşa edilmişdir. Zəng qülləsindən qərbdə zəngin ornamentli xaçdaş olmuşdur. Xaçdaş 2, 5 metr hündürlüyə malik olmuşdur və səthi tamamilə qabarıq və oyma naxışlarla örtülmüşdür.
Kilsənin nalvari tağları, həmçinin yaxınlıqdakı qəbir daşları at, həyat ağacı, günəş, ulduz, quş təsvirləri olan zəngin ornamentlərə malik olmuşdur. Kilsə ətrafındakı böyük orta əsrlər qəbirsanlığındakı məzar daşlarının hamısı naxışlar və məişət səhnələri ilə zəngindir. Təsvirli məzar daşlarında ovçuluq, əkinçilik, döyüş səhnələrini görmək mümkündür. Kilsədən şimalda, qəbiristanlıq ərazisində 1735-ci ildə inşa edilmiş və ziyarətçilərin dincəlməsi üçün istifadə olunan tikilinin xarabalıqları vardır.








