Komitə sədri Özbəkistan nümayəndə heyəti ilə görüşüb
Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda iştirak məqsədilə ölkəmizə səfər edən Özbəkistan Respublikası Dövlət müşavirinin müavini, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında bütün istiqamətlərdə mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub, həmçinin dini sahədə əməkdaşlığın gələcək perspektivləri, həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.
Komitə sədri Ramin Məmmədov bildirib ki, müasir dövrdə ali dəyərlərdən biri kimi qəbul edilən dini tolerantlıq Azərbaycan cəmiyyəti üçün birgəyaşayış normasıdır. Ölkəmizdə milli, dini zəmində ayrı-seçkilik və qarşıdurma hallarının olmaması, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, o cümlədən dini münasibətlərin qurulması Azərbaycanı bu sahədə ən yaxşı nümunəyə çevirib.
Özbəkistan Respublikası Dövlət müşavirinin müavini, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov bildirib ki, dini dialoq, qarşılıqlı anlaşma, tolerantlıq və həmrəylik təkcə region üçün deyil, qlobal miqyasda da böyük aktuallıq daşıyır. Azərbaycan Din Xadimlərinin II Forumu bu baxımdan fikir və təcrübə mübadiləsi üçün mühüm platforma olmaqla yanaşı, dinin sülhə, sabitliyə və cəmiyyətin mənəvi inkişafına töhfə verən bir dəyər kimi təqdim edilməsinə xidmət edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


