Bakıda “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium keçirilir
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium öz işinə başlayıb.
Simpoziumda dövlət rəsmiləri, dini konfessiya təmsilçiləri, yerli ali təhsil və tədqiqat müəssisələrindən olan nümayəndələrlə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərlərinin də yer aldığı 40-a yaxın alim və mütəxəssis iştirak edirlər.
Simpoziumun açılış mərasimində Dövlət Himnimiz səsləndirilib. Aİİ-nin II kurs tələbəsi Cəlal Cəfərlinin təqdimatında Quran tilavət olunub.
Tədbirin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti dini, mədəni müxtəlifliyi qorumaqla, həm də ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaradır. Bu siyasətin müxtəlif etnik, dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayışını təmin etmək üçün sosial, mənəvi məsuliyyətin sərhədlərini dəqiq müəyyən etdiyini deyən Komitə sədri haqlı olaraq tolerantlıq və multikulturalizm dəyərlərimizlə fəxr etməli olduğumuzu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan dövlətinin dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır. Klassik İslam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir. Bu nöqteyi-nəzərdən simpoziumda aparılacaq elmi diskussiyaların təcrübə mübadiləsi baxımından həm Azərbaycan alimləri, həm də digər iştirakçılar üçün faydalı olacağını diqqətə çatdırıb.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov bildirib ki, müasir din təhsili modellərinin müzakirə olunduğu beynəlxalq simpoziumun keçirilməsində məqsəd yalnız elmi bilik mübadiləsi aparmaq deyil. Məqsədimiz mənəvi dəyərlərlə çağdaş dünyanın tələblərini uzlaşdırmaq, din təhsilinin həm mahiyyətinə, həm də müasir dövrün reallıqlarına cavab verən modellərini formalaşdırmaqdır. O qeyd edib ki, peşəkar səviyyədə təşkil edilən din təhsili yalnız din xadimləri üçün deyil, bütöv cəmiyyətin dini savadlılığı üçün də mühüm rol oynayır. “Dinin ən etibarlı dayaqlarından olan din təhsili daim axtarışda olmalı, öz məqsədlərinə çatmaq üçün yeni metodlar tapmalıdır. Çünki mənəvi dəyərlərin qorunması və cəmiyyətdə nizamın saxlanması məhz bu təhsilin səviyyəsindən asılıdır.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, müasir dünyada dinin rolu təkcə mənəvi dəyərlərin qorunması ilə məhdudlaşmır, həm də cəmiyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın möhkəmlənməsinə xidmət edir. Nazir müavini qeyd edib ki, Azərbaycanın zəngin qeyri-maddi mədəni irsi ölkəmizin tarixinin, milli kimliyinin ayrılmaz hissəsidir. O, həmçinin Qarabağın işğaldan azad edilməsindən sonra dini abidələrin bərpasına xüsusi diqqət yetirildiyini, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə mühüm təşəbbüslərlə çıxış etdiklərini vurğulayıb. Firudin Qurbanov dini təhsilin müasir çağırışlara uyğun təkmilləşdirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycanda milli-dini tolerantlığın dünyada ən yüksək səviyyədə olduğunu qeyd edərək, bunun ölkədə mühüm dövlətçilik siyasətinin həyata keçirilməsindən qaynaqlandığını bildirib. Bu cür tədbirlərdə hər zaman bütün dinlərin nümayəndələrinin birgə iştirakının şahidi olmuşuq. Bu münasibət siyasət və metodoloji baxımdan ideal yanaşmadır. Ona görə də Azərbaycanda dini, milli tolerantlıq ciddi təməllərə söykənərək inkişaf edir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa vurğulayıb ki, müasir dövrün qlobal çağırışları həm mənəvi dəyərlərin qorunmasını, həm də elmi düşüncə ilə dünya düzəninin qurulmasını tələb edir. Bu çağırışlar fonunda dinin cəmiyyətdəki rolu artmaqda olsa da, dinə münasibət yalnız inanc səviyyəsində deyil, eyni zamanda ictimai və hüquqi müstəvidə də qiymətləndirilməlidir. Qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və bu səbəbdən dini təhsilə dünyəvi dövlət modeli çərçivəsində yanaşmaq vacibdir. Müasir dövrdə dini tendensiyaların cəmiyyətə və ictimai asayişə təsiri artdıqca, dünyəvi dövlətin bu sahəyə nəzarəti daha çox əhəmiyyət qazanır.
Dini təhsilin əsas məqsədi sadəcə dini bilik vermək deyil, eyni zamanda müasir dövrə uyğun gəlməyən, radikal və cəmiyyətdə parçalanma yaradan dini baxışların qarşısını almaq olmalıdır. Bu, həm vətəndaşların maarifləndirilməsi, həm də cəmiyyətin təhlükəsizliyi baxımından vacibdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu daim bunun kimi elmi müzakirələrin mərkəzində olub və cəmiyyət üçün aktual olan məsələlərin araşdırılmasına mühüm töhfə verir. Rəvan Həsənov vurğulayıb ki, müasir çağırışlara cavab verən yeni yanaşmalar və ictimai sifarişə əsaslanan elmi müzakirələr din təhsili sistemində mühüm yer tutur və dövrün dəyişməsi multikulturalizm, etika və s. kimi yeni fənlərin tədris olunmasını zəruri edir. O əlavə edib ki, süni intellekt dövründə insanın mənəvi dünyasına, dəyərlərinə və dinin cəmiyyətə təsirinə dair biliklərin artırılması xüsusi əhəmiyyət kəsb edir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev tədbirin faydalı müzakirələrin aparılması baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, din təhsilinin əsas məqsədlərindən biri dinə elmi cəhətdən yanaşaraq, onu cəmiyyətə düzgün çatdırmaqdır. O, eyni zamanda Azərbaycanda din təhsilinin tarixindən bəhs edib.
Qeyd edək ki, simpoziumun təşkilində məqsəd Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili və onların həlli məqsədilə irəli sürülən təkliflərin təmin edilməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.
Simpozium işini plenar iclas və panel sessiyalarla davam etdirir.













