Faydalı /
Açıq məlumatlar (illik hesabatlar)AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 2023-CÜ İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ
HESABAT
Xalqımızın milli-mənəvi birliyinin təmin edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Qloballaşma prosesinin sürətlə getdiyi dövrdə ölkə rəhbəri həmin siyasi kursu günümüzün reallıqlarını nəzərə alaraq həyata keçirir. Mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan dini dəyərlərimizə diqqət və qayğı, o cümlədən dövlətin dini sahədə gördüyü tədbirlər də bu siyasətin təzahürüdür. Dövlətin sistemli və ardıcıl siyasətinin nəticəsi olaraq bu gün ölkəmizdə milli və dini həmrəylik yüksək səviyyəyə çatmışdır.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən ilin sentyabr ayının 29-da 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncam imzalanmışdır. Ulu Öndər ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasını, o cümlədən, ibadət yerləri, dini ziyarətgahlar, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlamışdır. Onun rəhbərliyi altında dini abidələrimiz üçün durğunluq dövrü bitmiş, tarixi-dini abidələrin bərpası və yenidən qurulması sahəsində mühüm addımlar atılmışdır.
Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin 2023-cü il may ayının 10-da Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak etmələri Ümummilli Liderin irsinin əmin əllərdə olduğunun bir örnəyidir. Məlumat üçün bildiririk ki, Heydər Əliyev Fondu tərəfindən 2021-ci ildə başlanmış konservasiya və restavrasiya işləri məscidlərin ilkin memarlıq üslubuna uyğun olaraq aparılmışdır. Bununla da, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin üzərindən sonradan əlavə olunmuş rəmzlər və təsvirlər silinmiş, tarixi görünüşləri özlərinə qaytarılmışdır.
Ölkəmizdə vətəndaşların dini etiqad, vicdan azadlıqlarının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, təbliği və təşviqi işinin genişləndirilməsinə verilən önəmin bariz göstəricisi kimi Prezident cənab İlham Əliyevin Bakı şəhəri Nərimanov rayonu, “Cümə” məscidinin açılışında iştirakı xüsusilə vurğulanmalıdır. Açılış mərasimində ölkə başçısı və birinci xanım Mehriban Əliyeva məsciddə aparılmış əsaslı təmir işləri ilə tanış olmuş, onun fəaliyyəti ilə bağlı tövsiyələrini vermişlər. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, 2008-ci ildən qəzalı vəziyyətə düşmüş və fəaliyyəti dayandırılmış məscid üçün müasir konsepsiya hazırlanmış, ibadət yeri Abşeron memarlıq üslubuna uyğun əsaslı təmir edilmişdir.
Dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi, cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsi və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafı istiqamətində 2023-cü ildə də ölkədəki dini konfessiyaların fəaliyyətini dəstəkləmək məqsədilə ölkə başçısı dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalamışdır. Ənənəyə çevrilmiş bu siyasət ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman dini icmaların cəmiyyətimizə inteqrasiyasında, o cümlədən konfessiyalar arasında dialoq mədəniyyətinin inkişafında mühüm təsirə malikdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Komitə) 2023-cü il ərzində öz fəaliyyətini dövlət-din münasibətləri ilə bağlı müəyyənləşdirilmiş dövlət siyasətinə müvafiq şəkildə qurmuş və bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərə nail olmağa çalışmışdır.
Hesabat dövründə Komitə Azərbaycan Respublikasının Konstitusiyasını, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, öz əsasnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutaraq, 2023-ci ilin İş planına uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir.
“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən görülmüş işlərə dair
Komitə tərəfindən 25 oktyabr 2022-ci ildə İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə müsahibə elan edilmiş, 13-24 fevral 2023-cü ildə keçirilmişdir. Müsahibəyə sənəd vermiş 254 namizəddən 244-ü iştirak etmişdir. 18-i qadın olmaqla, 66 nəfəri müsahibədən uğurla keçmişdir ki, onlardan 17-si qadın olmaqla 56 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin olunmuşlar. 1-i qadın olmaqla, 10 nəfər ehtiyat kadrlar siyahısına salınmışdır.
Ötən ilin may ayının 3-də 19 vakant vəzifə üçün müsahibə elan edilmişdir. Müsahibədə iştirak üçün sənəd vermiş 293 nəfərdən 180 nəfəri kişi, 113 nəfəri isə qadın olmuşdur. Onlardan 178 nəfəri ali dini, 115-i isə orta ixtisas təhsilli şəxslərdir. 26 nəfərin xaricdə dini təhsil aldığı məlum olmuş, onların arasında İran İslam Respublikasında dini təhsil alanlar üstünlük təşkil etmiş, sənəd verənlərin 65 faizi 20-40 yaşlarında olmuşlar. Müsahibədən 24-ü qadın və 54-ü kişi olmaqla 78 nəfər uğurla keçmişdir ki, onlardan 18-i qadın olmaqla 55 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyinat almışdır. 6-sı qadın və kişi olmaqla, 23 nəfər ehtiyat kadrlar siyahısına salınmışdır.
Ümumilikdə, ötən ildə Komitə tərəfindən müsahibələrdən uğurla keçmiş 137 nəfər (35 qadın və 102 kişi) məscid və ziyarətgahlara imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrinə təyin olunmuşdur. 179 nəfər din xadiminin fəaliyyətinə xitam verilmişdir. 29 nəfər din xadiminin rotasiya qaydasında vəzifəsi və iş yerləri dəyişdirilmişdir.
Komitə tərəfindən 2022-2023-cü illərdə təşkil olunmuş müsahibələrdən 277 nəfər uğurla keçmişdir. Bugünədək onlardan 35-i qadın olmaqla, 231 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin edilmişlər.
Komitə tərəfindən həyata keçirilən 235 təyinat və 33 rotasiya 202 məscidi əhatə etmişdir.
2023-cü ilin dekabr ayının 13-də Komitə tərəfindən növbəti dəfə müsahibə elan edilmişdir. Hazırda namizədələrin sənəd qəbulu davam edir.
Dini etiqad azadlığının təmin edilməsi, sağlam dini mühitin qorunub saxlanılması və dini konfessiyalarla işin təşkil edilməsinə dair
Komitə hesabat dövründə dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirmişdir.
Ölkədəki sağlam dini mühitin qorunub saxlanılması məqsədilə dini durumun öyrənilməsi, qeyri-ənənəvi cərəyan mənsublarının, məzhəbçiliyi, dini dözümsüzlüyü təbliğ edən qüvvələrin fəaliyyətinin müəyyənləşdirilməsi, bu yöndə zərərli tendensiyaların, eləcə də ölkəmizə yönəlmiş kənar dini təsirlərin araşdırılması istiqamətində müvafiq işlər görülmüş, dövlət-din münasibətlərinə, ölkədə mövcud olan tolerantlıq mühitinə zidd fəaliyyətə qarşı aidiyyəti dövlət qurumları ilə birgə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Regionda baş verən siyasi proseslərdə din amilinin rolu, din adı altında fəaliyyət göstərən silahlı birləşmələrin fəaliyyəti, bu hadisələrin ölkəmizə göstərdiyi təsirlər və vətəndaşlarımızın qeyd edilən məsələlərə münasibətinin öyrənilməsi daim diqqətdə saxlanılmışdır.
Dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsi məqsədilə Komitə dini qurumlarla mövcud əlaqələrin inkişaf etdirilməsinə və qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsinə xüsusi əhəmiyyət verir.
Ötən il Komitə tərəfindən dini qurumların qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının, dövlət reyestrinin aparılması həyata keçirilmiş, dini icmaların təşkilati işlərinin qanunauyğun qurulmasına köməklik göstərilmiş, fəaliyyətlərinin Nazirlər Kabinetinin qərarlarına uyğun təşkil etmələri ilə bağlı zəruri tədbirlər görülmüşdür.
Son hesablamalara görə, ölkə ərazisində 2258 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə (kiçik məhəllə məscidi) vardır ki, onların 115-də ayinlər yalnız Ramazan ayı ərzində və dəfn mərasimlərində keçirilir. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur.
Hesabat dövründə Komitədə 2 dini icma dövlət qeydiyyatından keçmişdir. Bununla da, qeydiyyatdan keçmiş dini qurumların sayı 1002-ə çatmış, onlardan 7 icmanın qeydiyyatı ləğv olunmuşdur. Fəaliyyət göstərən 995 dini qurumdan 958-i İslam təmayüllü, 37-si (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2 ) qeyri-islam təmayüllü dini qurumlardır.
Komitə tərəfindən ötən il ərzində dini etiqad azadlığının təmini, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eləcə də dini bayram və mərasimlərin mövcud qanunvericiliyin tələblərinə uyğun formada keçirilməsinə nəzarət təşkil edilmişdir.
Hesabat dövründə müsəlmanların Ramazan və Məhərrəm ayları mərasimləri, “Qurban” bayramı, xristianların “Pasxa”, “Beynəlxalq Bibliya Günü”, Yehova şahidlərinin “İsa Məsihin anım günü”, yəhudilərin “Purim”, “Pesax” və “Roş Ha Şana” bayramları qeyd olunmuşdur.
Komitə tərəfindən 2023-ci ilin Ramazan və Məhərrəmlik ayları, eləcə də Qurban bayramı günlərində respublikada dini durumun nəzarətdə saxlanılması, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlərin keçirilməsi, habelə dini maarifləndirmə işləri davam etdirilmişdir. Din xadimləri və dini icma sədrləri ilə müvafiq söhbətlər aparılmış, bölgələrin yerli xüsusiyyətləri nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülmüş, əlamətdar günlər və bayram namazlarının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən icra edilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir. Qeyri-ənənəvi dini cərəyan və təriqət mənsublarının ibadət etdikləri məscidlərə xüsusi nəzarət həyata keçirilmiş, müvafiq orqanların fəaliyyəti Komitə ilə əlaqələndirilmişdir.
QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının verdiyi fətvada 2023-cü ildə Ramazan ayının birinci günü mart ayının 23-ü, Fitr bayramı (Ramazan bayramı) isə aprel ayının 21-i göstərilmişdir. Bununla bağlı, QMİ ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası tərəfindən birgə astronomik hesablamalara uyğun xüsusi təqvim hazırlanmış, din xadimləri və sıravi dindarlara ondan istifadə tövsiyə olunmuşdur.
Ötən ildə Ramazan ayının başlaması və Qədr gecələrinin tarixi ilə bağlı fikirayrılığı baş verməmişdir. Bayram namazı əksər məscidlərdə 2023-cü il aprel ayının 21-də qılınmışdır. Dini zəmində qarşıdurma halı müşahidə edilməmişdir.
Qurban bayramı 28-29 iyun 2023-cü ildə qeyd olunmuşdur. QMİ-nin Qazılar və Elmi-Dini Şuraları ibadət evlərində bayram namazının iyun ayının 28-də qılınması ilə bağlı fətva vermişdir.
Ümumilikdə, Qurban bayramı günlərində dini vəziyyət sabit olmuş, dini və sosial nifrət zəminində qarşıdurma halı müşahidə edilməmişdir.
Ötən ilin iyul ayının 19-dan hicri təqvimi ilə Məhərrəm ayı başlamışdır. Bu münasibətlə 17 iyul 2023-cü ildə Komitədə, 18 iyul 2023-ci ildə isə QMİ-də iclas keçirilmişdir. Məhərrəm ayı ayinləri ilə bağlı QMİ-nin Qazılar Şurasının müraciəti oxunmuş, din xadimlərinə təşkilati məsələlərlə bağlı bır sıra göstərişlər verilmişdir.
İbadət yerlərində keçirilmiş tədbirlərdə siyasi şüar səsləndirilməmiş, dini mövzulardan kənar moizələr, başyarma, zəncirvurma və qançıxarma halları baş verməmişdir. 15 rayon üzrə 16 ünvanda qanvermə aksiyası təşkil olunmuşdur.
İxtisaslaşdırılmış satış məntəqələrinin yaradılması və dinşünaslıq ekspertizası sahəsində
Komitə ötən müddət ərzində hüquq mühafizə orqanları ilə birgə ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı profilaktik və inzibati tədbirləri davam etdirmişdir.
Radikal, milli kimliyimizə zidd təbliğat aparan dini cərəyanların təlimlərini yaymaq, tərəfdarlarının sayını artırmaq, dini sahədə gedən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə gətirilməsinə, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilmiş, ölkədə dini ayrı-seçkilik və qarşıdurma, nifrət, ekstremizm və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın idxalı və nəşrinin qarşısının alınması məqsədilə müvafiq işlər görülmüşdür.
2023-cü il ərzində idxalla bağlı Komitənin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 4,875 adda dini məzmunlu ədəbiyyata baxılmış, dini dözümsüzlüyü, nifrət və ayrı-seçkiliyi təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 235 adda dini ədəbiyyata baxılmışdır.
Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilmişdir. Belə ki, 938 adda (730,339 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilmişdir.
Dini təhsil müəsisələrinin və müqəddəs kitabların öyrənilməsi kurslarının fəaliyyətinin qanunvericiyinin tələblərinə uyğunluğunun təmin edilməsi, dini təhsilin keyfiyyətinin artırılması ilə bağlı görülən işlərə dair
Azərbaycanda din sahəsi üzrə kadr hazırlayan yeganə ali təhsil müəssisəsi – Azərbaycan İlahiyyat İnstitutunun (İnstitut) bakalavriat pilləsində 298 (dinşünaslıq 137 və islamşünaslıq 161), magistratura pilləsində 15, doktorantura pilləsində 5 nəfər, dissertantura pilləsində 1 nəfər olmaqla 319 tələbə təhsil alır. Bakalavriat səviyyəsində 10 xarici ölkə vətəndaşı tələbə təhsil alır, onlardan 6-sı Gürcüstan, 4-ü Türkiyə Cümhuriyyətindəndir. Ötən il isə 52 tələbə məzun olmuşdur.
Dini fəaliyyət sahəsində orta ixtisas təhsilli kadr hazırlığının həyata keçirilməsi üçün Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il 444 nömrəli qərarı ilə İnstitutun nəzdində Bakı İlahiyyat Kolleci yaradılmışdır. Hazırda kollecin fəaliyyətinin təşkili, pedaqoji kollektivin formalaşdırılması, inzibati bina ilə təmin olunması istiqamətində müvafiq işlər görülür.
Fəaliyyət göstərən kolleclərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almaması, həmçinin, onlara tələbə qəbulunun Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməməsi “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmuşdur. Odur ki, adıçəkilən kolleclərə 2023/2024-cü tədris ilindən tələbə qəbulu dayandırılmışdır.
Milli-mənəvi və dini dəyərlərin, tolerant və multikultural ənənələrin qorunub saxlanılması, eləcə də dini radikalizm və ekstremizmə qarşı mübarizə məqsədilə aparılan dini maarifləndirməyə dair
Komitə ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği üçün hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks işlərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Komitənin strukturları tərəfindən dini maarifləndirmə istiqamətində tədbirlər konfrans, seminar, vebinar, seminar-treninq, görüş və s. formalarda həyata keçirilmişdir.
Ümumilikdə 2023-ci il ərzində Komitə tərəfindən ölkə vətəndaşlarının cəlb olunduğu 1080-dən artıq və təxminən 70,000 nəfərin iştirakı ilə dini maarifləndirmə xarakterli tədbir təşkil edilmişdir. Tədbirlərin keçirilməsində yerli icra hakimiyyəti orqanları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QMİ, müxtəlif dini konfessiyalara mənsub icmalar, QHT-lər, Heydər Əliyev mərkəzləri, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin yerli strukturları, Ombudsman Aparatının regional mərkəzləri, Silahlı Qüvvələr, hüquq mühafizə orqanları və s. qurumlarla əməkdaşlıq edilmişdir.
Komitənin 2023-cü il üçün Tədbirlər Planında “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə geniş yer ayrılmışdır. Belə ki, Komitə rəhbərliyinin, millət vəkillərinin, dini konfessiyaların, ictimaiyyət nümayəndələrinin və s. iştirakı ilə “Heydər Əliyev irsi: tolerantlıq və multikultural dəyərlər”, “Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” və “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzularında konfranslar, habelə Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə dini icmalar arasında “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda ənənəvi yazı müsabiqəsi və konfrans təşkil olunmuşdur. Müsabiqəyə 44 yazı təqdim olunmuş, münsiflər tərəfindən onlardan 3-ü 1-3-cü yerlərə, 3-ü isə həvəsləndirici mükafatlara layiq görülmüşdür. 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı 9 tədbir baş tutmuşdur. Ümumlikdə, Bakıda və regionlarda Heydər Əliyev İli çərçivəsində 122 tədbir keçirilmişdir.
Habelə sentyabr ayının 28-də Tbilisidə "Heydər Əliyev 100: Cənubi Qafqazda dinlərarası sülhün və əməkdaşlığın möhkəmləndirilməsi” adlı panel müzakirələrinin davamı olaraq Gürcüstanın azərbaycanlı icması və şəhid ailələrinin iştirakı ilə növbəti konfrans təşkil edilmişdir. Tədbirdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökumətinin bütün şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərildiyi, onların problemlərinin həll olunduğu, Gürcüstanda yaşayan soydaşlarımızın və şəhid ailələrinin də bu qayğıdan kənarda qalmadığı nəzərə çatdırılmış, məruzələr dinlənilmişdir.
Qeyd edək ki, müxtəlif illərdə dövlət səviyyəsində müəyyən bəndlər üzrə Komitənin də icraçı kimi nəzərdə tutulduğu fəaliyyət planı, strategiya və dövlət proqramları qəbul olunmuşdur. Həmçinin Komitə ənənəvi olaraq müəyyən dövlət qurumları ilə birgə illik tədbirlər planlarını icra edir. Bunlar nəzərə alınaraq, Komitə tərəfindən 2023-cü il üçün dini maarifləndirmə istiqamətində fəaliyyətin təmin olunması məqsədilə müxtəlif tədbirlər və iş planları hazırlanmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası çərçivəsində hesabat dövrü ərzində Komitə aidiyyəti qurumlarla birgə ümumilikdə 59 tədbir təşkil etmişdir. Eyni zamanda, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə birgə, ümumilikdə 82 tədbir həyata keçirilmişdir.
Komitə ötən ildə dini maarifləndirmə işi sahəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə əməkdaşlığı davam etdirmişdir. Silahlı Qüvvələrdə dini ekstremizmə qarşı mübarizə və dini etiqad azadlığının təmin edilməsi ilə bağlı tədbirlər planları hazırlanmış, Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və Penitensiar Xidmət ilə ümumilikdə dini maarifləndirmə xarakterli 111 tədbir keçirilmişdir.
Eyni zamanda, Komitə sədrinin ötən ildə maarifçilik işinin həyata keçirilməsi ilə bağlı təsdiq etdiyi əmrlər çərçivəsində müvafiq dövr ərzində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda Sumqayıt, Lənkəran, Gəncə, Şəki və Şirvan şəhərlərində, həmçinin İsmayıllı, Zaqatala, Masallı, Quba, Bərdə, Tovuz, Göyçay, İmişli və Ağcabədi rayonlarında 14 regional konfrans təşkil olunmuşdur. Hər biri üç gün olan sözügedən konfranslarda Komitə sədri Mübariz Qurbanlı, sədrin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Sahib Nağıyev, Səyavuş Heydərov və Gündüz İsmayılov məruzə ilə çıxış etmişlər.
Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Komitənin “2023-cü ildə dini ekstremizmə qarşı mübarizəyə dair” birgə Tədbirlər Planı çərçivəsində Sumqayıt şəhərində “Milli birliyimizin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının rolu”, Masallı şəhərində “Ölkəmizdəki dini mühitə xarici və daxili təhdidlər”, Gəncə şəhərində “Dini durum: mövcud vəziyyət və yeni çağırışlar”, Şəki şəhərində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri”, Şirvan şəhərində “Kütləvi dini mərasimlər: ənənə və hüquq müstəvisində”, Bərdə rayonunda “Dini durum: mövcud vəziyyət və yeni çağırışlar” və Quba rayonunda “Zəfər Günü – Azərbaycan xalqının milli birliyinin rəmzidir” mövzularında regional müşavirələr keçirilmişdir.
Komitə tərəfindən müvafiq dövr ərzində 20 Yanvar, Xocalı faciəsi və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ümumilikdə 46 tədbir; 2016-cı il aprel döyüşləri ilə bağlı 8; Qurban bayramı münasibətilə 7; 28 May – Müstəqillik Günü münasibətilə 13; Ramazan ayı ilə bağlı 13; 15 iyun – Milli Qurtuluş Günü münasibətilə 9; 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə 6; Məhərrəm ayı münasibətilə 42; 27 sentyabr – Anım Günü ilə əlaqədar 23; 8 noyabr – Zəfər Günü münasibətilə 21; həmçinin 9 noyabr – Dövlət Bayrağı Günü, 12 noyabr – Konstitusiya Günü, 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə ümumilikdə 4 tədbir həyata keçirilmişdir. “İnsan hüquqları aylığı” (18 may-18 iyun) çərçivəsində 38; 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə 7 maarifləndirmə xarakterli seminar, konfrans və s. formatlı tədbirlər baş tutmuşdur.
Ötən ildə gənclərə vətənpərvərlik, dövlətçilik, mili-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, şəhidlik məqamının mahiyyətinin aşılanması məqsədilə 61, dini fanatizm, radikalizm və ekstremizmin qarşısının alınması istiqamətində preventiv xarakterli, habelə tolerantlıq, multikulturalizm, dinlərarası və məzhəblərarası yaxınlaşma, mənəvi dəyərlər əsasında milli birliyin gücləndirilməsi istiqamətində 300-ə yaxın, ölkəmizdəki dini abidələrin tanıdılması məqsədilə 2, erkən nikaha qarşı mübarizə çərçivəsində 26, intihar hallarının qarşısını almaq istiqamətində maarifləndirici və preventiv xarakterli 3 tədbir keçirilmişdir.
Komitənin Elm və Təhsil Nazirliyi (ETN) ilə birgə layihəsi çərçivəsində 2023-cü ildə Göyçay, Balakən, Gəncə, Qubada, Lənkəran və Masallı ətraf rayonlarda (Ucar, Kürdəmir, Zərdab, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ Göygöl, Samux, Daşkəsən, Goranboy, Qusar, Xaçmaz, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonları) yerləşən məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, həyat bilgisi, tarix, Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən müəllimlərin iştirakı ilə keçirilən “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda təşkil olunmuş ikigünlük regional seminar-treninqlər keçririlmişdir. Ümumilikdə, Komitə və ETN-nin yerli strukturları tərəfindən təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq dövr ərzində təhsil müəssisələrində 420-ə yaxın birgə tədbir təşkil edilmişdir.
Hesabat dövründə Komitə rəhbərliyinin, millət vəkillərinin, dini konfessiyaların, ictimaiyyət nümayəndələrinin və s. iştirakı ilə Bakıda və regionlarda "Dini təhsil: mövcud vəziyyət və perspektivlər”, “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri”, “Azərbaycanın dövlət-din modeli”, “Media və dini təhlükəsizlik”, “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” və “Din və ideoloji təhlükəsizlik” mövzularında konfranslar təşkil olunmuşdur.
May ayının 22-24 tarixlərində Komitənin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən qeyri-müsəlman dini icmaların üzvləri Gəncə şəhəri, Şəmkir və Kəlbəcər rayonlarına səfər etmişlər. Səfər çərçivəsində dini konfessiyaların nümayəndələri Şəmkirdəki Alman Lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsi və Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət etmişlər.
Komitənin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində iyunun 15-də İsmayıllı rayonunun İvanovka kəndində “Rəbb Azərbaycanı sevir” adlı tədbir keçirilmişdir. 28-29 avqustda Quba və Xaçmaz rayonlarında “Müasir çağırışlar: Dinlərarası birgə yaşayış” adlı dəyirmi masa keçrilmişdir. Həmin tədbirlərdə qeyri-islam və islam dini icmalarının nümayəndələri iştirak etmişlər.
Komitə “İraq və Suriyadakı münaqişələrdən əziyyət çəkmiş Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti məlum olmuş uşaqların Azərbaycana repatriasiyası və reinteqrasiyası” məqsədilə yaradılmış İşçi Qrupun tərkibinə daxil olan qurum kimi xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasına qayıtmış qadın və uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində lazımi tədbirlər görmüş, həmin şəxslərlə mütəmadi görüşlər keçirmiş, maarifləndirici söhbətlər aparmışdır.
Maarifləndirmə Komitənin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV-də yayımlanan “Cəmiyyət və Din” (ötən ilin sentyabr ayına kimi), SPACE telekanalında efirə gedən “İnam”, “Mədəniyyət” kanalındakı “Haqqın dərgahı” verilişləri vasitəsi ilə də həyata keçirilmişdir. Hesabat dövründə “Dövlət və Din” ictimai fikir toplusunun 2, “Cəmiyyət və Din” qəzetinin isə 11 sayı çap olunmuşdur.
Azərbaycanın dövlət-din münasibətlərinin, tolerantlıq modeli və zəngin mənəvi-əxlaqi irsinin xaricdə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına dair
Hesabat dövründə beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, aidiyyəti qurumlar və dini təşkilatlarla əlaqələrinin genişləndirilməsi məqsədilə Komitənin nümayəndələri xarici ölkələrlərə səfərlər etmişlər. Belə ki, 30 may-2 iyun tarixində Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış və İrşad Nazirliyinin dəvəti ilə Komitənin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti sözügedən ölkədə səfərdə olmuşdur. Səfər çərçivəsində Ciddə şəhərində Komitə ilə sözügedən nazirlik arasında Anlaşma Memorandumu imzalanmışdır. Qeyd edək ki, səfər Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 15.12.2021-ci il tarixində Ər-Riyad şəhərində keçirilmiş 6-cı iclasının Protokoluna əsasən həyata keçirilmişdir.
Gürcüstan səfəri zamanı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi, M.F.Axundzadə adına 73 saylı tam orta məktəb və İ.Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti ziyarət edilmiş, Gürcüstanın xarici işlər nazirinin müavini Vladimir Konstantinidi və Diasporla Əlaqələr Departamentinin rəhbəri Muxran Qulaqaşvili, Gürcüstan parlamentinin sədr müavini və Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze və İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladze, Gürcü Pravoslav Kilsəsinin iqamətgahında (Gürcüstan Patriarxlığında) Qori və Aten Mitropoliti Andria Gvazava və Sinodun üzvləri, eləcə də Marneulidə GMİ-nin rəhbərliyi və üzvləri ilə görüş keçirilmişdir. Həmçinin Tbilisidə “Cümə” məscidində olan nümayəndə heyəti Bütün Gürcüstan Müsəlmanları İdarəsində (GMİ) yerli din xadimləri ilə fikir mübadiləsi aparmış və İnstitutdan məzun olmuş 5 nəfər Gürcüstan vətəndaşı olan soydaşımıza diplomlar təqdim olunmuşdur.
Səfər zamanı Komitə ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu, o cümlədən Azərbaycan İlahiyyat İnstitutu ilə Tbilisi İlahiyyat Akademiyası və Seminariyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
Məlumat üçün bildiririk ki, Qırğız Respublikasının Dini İşlər üzrə Dövlət Komissiyası ilə Komitə arasında müvafiq Anlaşma Memorandumunun layihəsi qarşılıqlı olaraq razılaşdırılmış və 2024-cü ildə imzalanması nəzərdə tutulur. Eyni zamanda, Komitə tərəfindən Əlcəzair Respublikası, İordaniya Haşimilər və Mərakeş krallıqlarının müvafiq dövlət qurumları ilə əməkdaşlıq perspektivlərinə baxılması məqsədilə qarşı tərəflərə niyyət məktubları ünvanlanmışdır.
Hesabat dövründə Komitə sədrinin birinci müavini və müavinləri, həmçinin digər əməkdaşalar xarici ölkələrə səfər etmiş və beynəlxaql tədbirlərdə iştirak etmişlər. Belə ki, 5 oktyabr 2023-cü ildə Türkiyədə Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, İnstitut və Fondun birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən II Beynəlxalq Simpozium və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi, Türk Əməkdaşlığı və Koordinasiya Agentliyi, Xaricdəki Türklərin Qohum Topluluqları və Türkiyənin digər aidiyyəti strukturlarının birgə təşkilatçılığı ilə 2023-cü ilin 6-8 noyabr tarixlərində paytaxt Ankara şəhərində keçirilən “5-ci Türk Dünyası Yazarlar Qurultayı”nda Komitəni sədrin birinci müavini Səyyad Salahlı təmsil etmişdir.
Komitə sədrinin müavini Sahib Nağıyev QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ABŞ-nin "Stirlinq" Fondunun, Sonuncu Gün Müqəddəslərinin İsa Məsih Kilsəsinin birgə dəvəti ilə ötən ilin 28 fevral-5 mart tarixlərində Yuta ştatında səfərdə olmuşdur. Səfər Azərbaycanın tolerantlıq və birgəyaşayış normalarının təbliği, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışı məqsədi daşımışdır. O, həmçinin, 1-3 oktyabr 2023-cü ildə ABŞ-nin Briqam Yanq Universitetinin Hüquq və Din Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Yuta ştatında keçirilmiş "Fikir, Vicdan, Dini etiqad azadlığının qorunması: insan hüquqları bəyannaməsinin 75 illiyi" adlı 30-cu Beynəlxalq Hüquq və Din Simpoziumunda da iştirak etmişdir. Simpozium çərçivəsində S.Nağıyev Stirlinq Fondunun icraçı direktoru Edvard Rou, eləcə də “Son Günlərin Müqəddəsləri” kilsəsinin rəhbər nümayəndələri ilə görüşmuşdur.
S.Nağıyev həmçinin 11-13 dekabr 2023-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Mənəvi-əxlaqi dəyərlərin qorunması, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu” mövzusunda 19-cu Beynəlxalq İslam Forumunda Dövlət Komitəsini təmsil etmişdir.
Komitənin sədr müavini Səyavuş Heydərov Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış və İrşad Nazirliyinin təşkilatçılığı ilə 13-14 avqust 2023-cü il tarixlərində Məkkə şəhərində keçirilmiş Ünsiyyət və İnteqrasiya mövzusu üzrə Dünya Dini məsələlər, Fətvalar və Məşixət (Şeyxlik) idarələrinin 1-ci konfransında iştirak etmişdir. Ötən ilin 2-6 oktyabr tarixlərində isə S.Heydərov “Həyat sözü” Beynəlxalq Kilsəsinin dəvəti ilə İsveç Krallığında səfərdə olmuş, İsveç Parlamentində Xristian Demokratlar partiyasından olan deputatları Mikael Oskarson və Hans Eklindlə görüş keçirmişdir. Səfər zamanı onu “Həyat sözü” xristian dini icmasının sədri Yusif Fərhadov müşayiət etmişdir.
S.Heydərov ötən ilin 14 noyabrında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi çərçivəsində baxılan ölkəmizin dördüncü dövri məruzəsi ilə əlaqədar UDİ üzrə İşçi Qrupunun 44-cü sessiyasında və 23 noyabr tarixində Qırğız Respublikasının Bişkek şəhərində keçirilmiş “Din və qlobal çağırışlar” V Beynəlxalq konfransında Komitəni təmsil etmişdir.
Sədr müavini Gündüz İsmayılov 2023-cü ilin may ayının sonlarında Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə Malayziya və Bruneyə edilən işgüzar səfərdə İnstitutun rektoru və əməkdaşları ilə birlikdə iştirak etmişdir. Səfər çərçivəsində keçirilmiş görüşlərdə dövlət-din münasibətləri, islamafobiya ilə mübarizə, ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması barədə müzakirələr aparılmışdır.
6-7 fevral tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində ATƏT regionunda antisemitizm ilə mübarizə mövzusunda keçirilmiş konfransda Komitə şöbə müdiri səviyyəsində təmsil olunmuşdur. 6-8 noyabr tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə “İslamda qadın: onların vəziyyəti və səlahiyyətləndirilməsi” mövzusunda Ciddə şəhərində keçirilən beynəlxalq konfransda Komitənin əməkdaşı iştirak etmişdir.
Komitə, həmçinin, dini icmaların beynəlxalq tədbirlərdə iştirakına da şərait yaratmışdır. 31 yanvar-1 fevral tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilmiş Beynəlxalq Din Azadlığı Sammitində (Sammit) “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov və Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Ramiz (Zamir) İsayevin iştirakı təmin olunmuşdur. Komitənin təşkilatçılığı və Fondun maliyyə dəstəyi ilə Sammitdə ölkəmizi təmsil etmiş adıçəkilən din xadimləri səfər çərçivəsində Beynəlxalq Din Azadlığı Sammitinin təsisçisi Sem Braunbek, Simon Vizental Mərkəzinin direktor müavini, professor, ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavini, ravvin Abraham Kuper, eləcə də Ağ Evin yazarı, tanınmış jurnalist Abraham Yakob Terkeltaub, nüfüzlu yəhudi təşkilatlatlarından olan “Aqudat İsrael”in dövlət işləri üzrə vitse-prezidenti və Ağ Evdəki təmsilçisi ravvin Aba Kohen və “Coalition of Jewish Values” təşkilatının icraçı direktoru, ravvin Yaakov Menken ilə görüşmüşlər.
Həmçinin, bu dövr ərzində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan Respublikasına münasibətdə qəbul edilən tövsiyələrin icrası ilə bağlı yenilənmiş məlumat (Azərbaycan və rus dillərində), BMT İnsan Hüquqları Şurasının “Soyqırım cinayətlərinin qarşısının alınması” adlı qətnaməsi üzrə hazırlanacaq hesabat üçün üzv dövlətlərə ünvanlanan sorğuda əksini tapan aidiyyəti suallara verilən cavablar (Azərbaycan və ingilis dillərində), BMT insan hüquqları üzrə müqavilə qurumlarına dövri hesabatlarla birlikdə təqdim ediləcək “Ümumi əsas sənəd”in yenilənməsi məqsədilə hazırlanan müvafiq məlumat (Azərbaycan və rus dillərində) və BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində təqdim ediləcək sahəvi hesabatın hazırlanması üçün ünvanlanan sorğu ilə bağlı müvafiq məlumatlar (Azərbaycan və ingilis dillərində) aidiyyəti üzrə təqdim edilmişdir.
Eyni zamanda, Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) 6-cı monitorinq dövrü çərçivəsində Azərbaycan üzrə növbəti hesabatının ilkin layihəsində əksini tapan aidiyyəti tövsiyə ilə bağlı şərhlər göndərilmişdir.
Komitə sədri M.Qurbanlı bir sıra xarici qonaqlar və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə görüşmüşdür. Belə ki, 2023-cü ilin fevral ayının 1-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Ouldu, fevralın 20-də Bakı BBMM-in təşkilatçılığı ilə keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarını, martın 9-da ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin beynəlxalq dini azadlıqlar və xüsusi tapşırıqlar üzrə səfirinin müavini Karson Relitz Rokeri, həmçinin adıçəkilən idarənin Avropa və Mərkəzi Asiya üzrə müşaviri Yohanna Vulfsberqi, martın 16-da QMİ-nin Dağıstan və Şimali Qafqazdakı nümayəndəliyinin rəhbəri Şahubiddin Kərimovu və Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Səidovu, martın 17-də Misirin Baş müftisinin baş müşaviri, Ümumdünya Fətva Evlərinin Baş katibi İbrahim Nəcimini, martın 28-də Beynəlxalq “i24 NewsTV”nin jurnalistini, “Bastille” və “Hemicycle” jurnallarının müəllifi Mikel Darmonu, mayın 10-da Belçikada fəaliyyət göstərən siyasi elmlər doktoru, tədqiqatçı Sebastien Bussuayı, mayın 15-də Belçikalı fotoqraf Frank Döpevu, “Atabey” təşkilatının prezidenti Yunisksi Fahardoyu və layihə koordinatoru Juli Böfisini qəbul etmişdir.
Mayın 24-də ABŞ-nin Yuta ştatından gələn Sonuncu Gün Müqəddəslərinin İsa Məsih Kilsəsinin rəhbəri Devid Bednarın başçılıq etdiyi nümayəndə heyəti və iyunun 7-də İndoneziyanın “Nahdlatul Ulama” İslam təşkilatının nümayəndə heyəti, iyulun 28-də Türkiyənin Diyanət İşləri İdarəsinin sədr müavini Səlim Argun, sentyabrın 4-də ABŞ-nin Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti və İsa Məsihin Son Günlərin Müqəddəsləri Kilsəsinin Avropa üzrə Yetmişlər Kvorumunun nümayəndələri, sentyabrın 18-də Polşa Müsəlmanları İttifaqının sədri, müfti Tomaş Mişkeviç, oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbinin rəhbərlik etdiyi nümayəndə heyəti, noyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli və dekabrın 1-də ABŞ-nin Stirlinq Fondunun prezidenti və idarə heyətinin direktoru Mayls Hansen ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyi vasitəsilə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Tədbirlər Planının 9-cu – “xarici ölkələrdə məscid, kilsə və sinaqoqlarda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq moizələrin oxunması istiqamətində iş aparılması” bəndini nəzərə alaraq, Komitə tərəfindən 12 ölkənin müvafiq dövlət qurumuna məktublar ünvanlanmışdır.
Ötən ildə xarici ölkələrdəki dini proseslərə xüsusi diqqət ayrılmışdır. “CBC TV Azerbaijan”ın “Аспекты иностранных дел” verilişinin növbəti buraxılışında İsveçdə Qurani-Kərimə qarşı edilən təhqiramiz hərəkətin yolverilməzliyi barədə müzakirələr aparılmışdır
İctimaiyyətlə əlaqələrin genişləndirilməsi və Komitənin fəaliyyətinin şəffaflığının təmin olunmasına dair
Hesabat dövründə Komitə sədri Abşeron, Salyan, Ağcabədi, Şəki, Quba, Lənkəran, İsmayıllı, Ağstafa, Ucar, Masallı, Sabirabad və Sumqayıt şəhərlərində vətəndaşları qəbul etmişdir. Qəbullar zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılmış, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilmişdir.
Ötən ildə Komitə yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının görüşü keçirilmiş və yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu elan edilmişdir. 96 nəfər ictimai birlik nümayəndəsinin iştirakı ilə keçirilmiş seçki nəticəsində 9 nəfərdən ibarət İctimai Şura üzvü seçilmişdir.
Komitənin ölkə ictimaiyyəti və media qurumları ilə əlaqələrinin genişləndirilməsi, rəhbərliyinin və əməkdaşlarının KİV-də fəal iştirakının təmin edilməsi, Komitənin rəsmi internet saytı və sosial şəbəkələrdəki fəaliyyətinin daha da operativləşdirilməsi, səhifələrin populyarlığının artırılması, qurumun “Elektron hökumət” portalına inteqrasiyasının sürətləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılmanın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi depozitar proqram təminatlarından “İnsan resurslarının idarəolunması” və “Elektron sənəd dövriyyəsi” sistemlərinin Komitədə aidiyyəti üzrə istifadəsinin təmin olunması üçün lazımi addımlar atılmışdır.
Həmçinin Komitənin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması təmin edilmiş, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar hazırlanaraq yayımlanmışdır.
Ötən ilin sonunda Komitənin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlamışdır. Yeni könüllü qrupun üzvləri Azərbaycan könüllüləri ilə birgə Zəngilan rayonu Ağalı və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndlərinə səfər etmiş, habelə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabana yürüş etmişdir. Komitənin könüllüləri Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunda iştirak etmiş, Komitənin könüllüsü, İnstitutun III kurs tələbəsi Emil Qasımov Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "İlin könüllüsü" mükafatına layiq görülmüşdür.
Komitənin bütün istiqamətlər üzrə fəaliyyəti rəsmi veb səhifəsində 3 dildə - Azərbaycan, ingilis və rus dillərində əks olunmuşdur. Elektron resursun xəbər lenti mütəmadi yenilənmiş, orada 1000-ə yaxın material yerləşdirilmişdir. “Jivochat” onlayn proqramı vasitəsilə 100-dən çox müraciət cavablandırılmışdır. Eyni zamanda, sosial şəbəkə üzərindən 100-dən çox vətəndaşın müraciətində öz əksini tapan məsələlərin həll edilməsi təmin edilmişdir.
Komitənin, habelə Fondun sifarişi ilə hazırlanan “Azərbaycan gəncliyi və mənəvi dəyərlər”, "Erməni faşizminin anatomiyası", "Müasir çağırışlar: birgəyaşayış nümunəsi", “Azərbaycanın din alimləri”, “Müzəffər Komandan”, “Heydər Əliyev və din siyasəti” adlı sənədli filmlərin televiziya və sosial şəbəkələrdə nümayiş etdirilmişdir.
Vətəndaşların müraciətlərinə baxılması və kargüzarlığın aparılmasına dair
Komitə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”, “Elektron imza və elektron sənəd haqqında”, “Dövlət sirri haqqında”, “Vətəndaşların müraciətləri haqqında” və “Milli arxiv fondu haqqında” qanunlardan, habelə digər normativ hüquqi aktlardan irəli gələn vəzifələri yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası barədə aylıq məlumat hazırlanmış və müvafiq instansiyalara təqdim edilmişdir.
2023-cü ildə Komitəyə 3,813 məktub və 76 qanunvericilik sənədi daxil olmuşdur. Onlardan 145-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, 21-i Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi, 182-si Azərbaycan Respublikasının Nazirlər Kabineti, 12-si Azərbaycan Respublikasının Milli Məclisi, 2,149-u isə digər təşkilatlardan və 1,304-ü vətəndaşlardan daxil olmuşdur ki, onlardan 51-i icra prosesindədir. “Nəzarətə götürülmüş” qriflə 4 sənəd daxil olmuş və 1-i icra prosesindədir. Komitədən müxtəlif instansiyalara və vətəndaşlara ümumilikdə 2,827 məktub göndərilmişdir.
Komitənin tabeliyində olan qurumların fəaliyyətinə dair
Mənəvi Dəyərlərin Təbliği Fondu
Dini etiqad azadlığı sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və təbliğinə, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etmək məqsədi ilə yaradılmış Fond 2023-ci ildə bu istiqamətdə fəaliyyətini davam etdirmişdir.
Fond tərəfindən dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsindəki fəaliyyətinin dəstəklənməsi məqsədilə din xadimlərinə maddi dəstək verilmişdir. 24 dini icmanın maarifləndirici və sosial layihələrinə maddi dəstək göstərilmişdir. Eyni zamanda, Fond tərəfindən ötən tədris ilində İnstitutun 60 tələbəsinə aylıq 100 və 150 manat, bir tələbəyə isə 200 manat Heydər Əliyev təqaüdünün verilməsi davam etdirilmişdir.
Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan digər qeyri-islam dini icmalarına maddi dəstək göstərilməsi məqsədilə Fonda 350,0 (üç yüz əlli) min manat ayrılmışdır. Həmin vəsaitdən 26 qeyri-islam dini icmasına maddi dəstək göstərilmişdir.
“Heydər Əliyev İli” çərçivəsində Fond tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Fondun maliyyə dəstəyi və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Heydər” Cümə məscidi dini icmasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimizin hamisi” adlı kitab nəşr edilmişdir. Kitabda Komitə, Fond və İnstitut rəhbərliyi, o cümlədən əməkdaşlarının məqalələri yer almışdır.
Fevralın 20-də Fond tərəfindən yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edilmişdir. Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılması məqsədilə keçirilən müsabiqədə 34 iştirakçının göndərdiyi rəsm əsərləri Qiymətləndirmə Komissiyasının üzvləri tərəfindən qiymətləndirilmişdir. Aprelin 20-də başa çatmış müsabiqənin qaliblərinə pul mükafatları təqdim olunmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Fondun təşkilatçılığı ilə 22-24 iyun tarixlərində Gəncə şəhərində Goranboy, Naftalan, Samux və Göygöl rayonlarından, 25-27 iyul tarixlərində Şəki şəhərində Balakən, Zaqatala və Qax rayonlarından, 4-6 oktyabr tarixlərində Quba rayonunda Şabran, Xaçmaz və Qusar rayonlarından, 12-15 sentyabr tarixlərində Tovuzda Daşkəsən, Gədəbəy və Şəmkir rayonlarından, 23-25 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikasından, 14-16 noyabr tarixlərində Sabirabadda Şirvan şəhəri, İmişli və Saatlı rayonlarından, noyabrın 23-də Bərdədə Ağcabədi, Ağdam və Beyləqan rayonlarından olan gənclərin iştirakı ilə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminarlar keçirilmişdir. Seminarda ekspertlər tərəfindən müxtəlif mövzularda mühazirə və diskussiyalar təşkil olunmuş, intellektual yarışlar keçirilmiş və şəhər ərazindəki tarixi-mədəni abidələr ziyarət edilmişdir.
Hesabat dövründə Fond şəhidlərimizin ailələri və qazilərlə iş istiqamətində faəliyyətini davam etdirmişdir. Belə ki, martın 8-də Fondun maliyyə dəstəyi və bir sıra dini icmaların təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə şəhərində və Ağdaş rayonunda şəhid ailələrinin xanım üzvləri üçün tədbir keçirilmişdir.
Ötən ilin aprel ayının 13-də Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu “İmam Həsən” məscidi dini icmasının təşkilatçılığı ilə “Heydər” məscidində, aprelin 18-də Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının təşkilatçılığı ilə Ağcabədi rayonunda, aprelin 19-da Kürdəmir şəhər (1) məscidi dini icmasının təşkilatçılığı ilə Kürdəmir rayonunda, aprelin 20-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində, həmçinin Şərur rayon dini icması, Naxçıvan Şəhər Came məscidi dini icması və İdris Məmmədov məhəlləsi dini icmasının təşkilatçılığı ilə Naxçıvan şəhərində şəhid ailələri, qazilər və müharibə veteranları üçün iftar süfrələri təşkil edilmişdir.
Fond, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, mayın 26-da Ağdaş şəhəri “Üç qovaq” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Ağdaşdan, iyunun 25-də Samux rayon müsəlmanları dini icmasının təşkilatçılığı ilə Gəncədən, iyulun 7-də Lənkəran şəhər Böyük bazar “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Lənkərandan, avqustun 30-da Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Tərtərdən, oktyabrın 28-də Goranboy rayon Səfikürd və Tatarlı kənd məscidi dini icmasının təşkilatçılığı ilə Goranboydan, noyabrın 1-də Gədəbəy şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Gədəbəydən olan şəhid ailələrinin üzvlərinin Şuşaya səfərləri təşkil olunmuşdur
2023-cü ildə Fond vətənpərvərlik sahəsində maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilmişdir. Belə ki, ötən il Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin müxtəlif hərbi hissələrində zabitlər və əsgərlərlə görüşlər keçirilmiş, hərbiçilərimizin mənəvi ruhunun yüksəldilməsinə dəstək məqsədilə Fondun nəşr etdirdiyi “Vətən sevgisi və şəhidlik” kitabları hədiyyə edilmişdir.
Aprelin 4-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu və Fondun dəstəyi, AZTV-nin media tərəfdaşlığı ilə “Aprel döyüşləri”nin ildönümünə həsr olunmuş “Ümid günəşi” adlı tədbir keçirilmişdir. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak etmişdir.
Ötən ilin may ayının 12-də Sabirabad rayonunda Fondun maliyyə dəstəyi, Sabirabad rayonu Narlıq kənd məscidi dini icmasının təşkilatçılığı ilə yaradılmış Vətən Müharibəsi şəhidlərinin xatirə guşəsinin açılış mərasimi olmuşdur. Həmin guşəyə Sabirabad rayonundan olan 52 şəhidin adı və şəkli əks olunmuş xatirə lövhələri qoyulmuşdur. Sentyabrın 18-də Beyləqan rayonunda Fond və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi, eləcə də sentyabrın 19-da Füzuli rayonunda Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsinin başlanılmasının üçüncü ildönümü ilə əlaqədar şəhidlərin xatirəsinə həsr edilmiş “Şəhidlərimizi anırıq” adlı tədbirlər keçirilmişdir. Sentyabrın 28-də Fondun maliyyə dəstəyi, “Məşədi Dadaş” məscidi dini icmasının təşkilatçılığı ilə “Nəsimi rayonunun şəhid ailələrinə və qazilərə maddi yardım” layihəsi çərçivəsində “Məşədi Dadaş” məscidində tədbir keçirilmiş, şəhid ailələri və qazilərə maddi yardım məqsədilə alış-veriş kartları təqdim edilmişdir.
Noyabrın 7-də Azərbaycan Tibb Universitetində Fondun maliyyə dəstəyi, Bakı şəhəri “Alov” Xristian dini icması və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə yazıçı-publisist Ramilə Qurbanlının “Şəhid həkimlər” kitabının təqdimat mərasimi keçirilmişdir. 10 dekabr tarixindən isə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Heydər” Cümə məscidi dini icması “Ey Vətən!” adlı layihəni həyata keçirməyə başlamışdır. Layihə çərçivəsində Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva və “Şəhid övladlarının zəfər sədası” xor qrupunun ifasında “Ey Vətən!” adlı vətənpərvərlik musiqisinə klipin çəkilməsi nəzərdə tutulur. Layihə 2024-cü ilin yanvar ayında başa çatacaqdır.
Hesabat dövründə Fond tərəfindən Azərbaycanın tarixi, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunması və inkişafı, dövlət-din münasibətləri və təhsil sahələrində tədbirlərin keçirilməsində fəallıq nümayiş etdirilmiş, onların təşkilinə maliyyə dəstəyi göstərilmişdir.
Aprelin 14-də BBMM, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Fond və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X beynəlxalq konfrans keçirilmişdir. Konfransda “Tarixi coğrafiya. Əhali və sosial həyat”, “Qafqaz Albaniyası xristianlığaqədərki və xristianlıq dövründə”, “Qafqaz Albaniyası: coğrafi paralellər, iqtisadi və mədəni həyat”, “Qafqaz Albaniyası: məbədlər və abidələr” bölmə iclaslarında müzakirələr aparılmış, Türkiyə, Cənubi Koreya, Rusiya, İtaliya, Almaniya, Gürcüstan, Böyük Britaniya, Norveç və Litvanı təmsil edən tədqiqatçı alimlər, mütəxəssislərin Albaniya tarixinin müxtəlif məsələləri ilə bağlı məruzələri dinlənilmişdir.
Hesabat dövrü ərzində Fond tərəfindən dini etiqad sahəsində işlər davam etdirilmiş, 16 dini icmanın maarifləndirici və sosial layihələrinə maddi dəstək göstərilmişdir. Belə ki, Fondun maliyyə dəstəyi, İçərişəhər "Həzrət Məhəmməd" məscidi dini icması və TEM-ART Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk-İslam sənətlərinin tədrisi” layihəsi həyata keçirilmişdir. 3 ay davam edən layihə çərçivəsində 15 tələbəyə ipək üzərində İslam ornamentlərinin çəkilməsi tədris edilmişdir. Aprelin 20-də Aİİ-də təşkil olunan sərgidə rəssam Tünzalə Məmmədzadənin və “Türk-İslam sənətlərinin tədrisi” kursunun iştirakçılarının əsərləri nümayiş olunmuşdur.
Fond Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 10-12 mart tarixlərində Lənkəran şəhərində, 2 iyun tarixində isə Xırdalan şəhərində keçirilən kitab sərgi-festivallarında iştirak etmişdir. Sərgilərdə Fondun sifarişi əsasında nəşr edilən kitablar nümayiş etdirilərək iştirakçılara pulsuz paylanmışdır. Aprelin 15-də ETN-in ayırdığı qrant əsasında həyata keçirilən, eləcə də Fondun, “Mədəniyyət” telekanalının, “XAN Nəşriyyatı”nın, “Hədəf Nəşrləri”nin və “Sinkod” şirkətinin dəstəklədiyi “Yaxşılıq ağacı” layihəsinin bağlanış mərasimi baş tutmuşdur. Tədbirdə Fondun dəstəyi ilə nəşr edilən Şəmil Sadiqin müəllifi olduğu 200 ədəd “Dəyərlər” kitab dəsti və xüsusi hədiyyələr, həmçinin “XAN Nəşriyyatı”, “Hədəf Nəşrləri”, “Sinkod” şirkətinin müxtəlif kitabları, məktəbli ləvazimatları şagirdlərə hədiyyə olunmuşdur.
Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icması Fondun dəstəyi ilə 20.09.2023-20.11.2023 tarixlərində “Müasir çağırışlar: dinlərarası birgəyaşayış” adlı layihə icra etmişdir. Layihə çərçivəsində ölkəmizdəki müxtəlif dinlərin, konfessiyaların Azərbaycançılıq ideologiyası ətrafında birləşərək sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasından bəhs edən “Müasir çağırışlar: dinlərarası birgəyaşayış” adlı sənədli film çəkilmişdir.
Ötən ildə Fondun maliyyə dəstəyi ilə yazıçı-publisist, ictimai xadim Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” (rus dilində) və yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlunun “Qarabağ ruhaniləri” kitabları və Bakı şəhəri “Həyat sözü” xristian dini icmasının “Müasir çağırışlar: birgəyaşayış ənənəsi” (Modern challenges: coexistence traditions) adlı fotoalbomu çap olunmuşdur. Eyni zamanda, Fondun maliyyə dəstəyi ilə Sumqayıt şəhəri “Alov” xristian dini icması “Din və qlobal təhlükəsizlik” adlı layihə həyata keçirmiş və layihə çərçivəsində Komitənin sədr müavini S.Heydərovun ingilis dilinə tərcümə olunmuş “Din və qlobal təhlükəsizlik” adlı kitabı (Religion and global security) nəşr edilmişdir.
15-18 avqustda Fondun təşkilatçılığı ilə Oğuz rayonunda Fondun könüllüləri və tələbələr üçün "Yay məktəbi", dekabrın 13-16 tarixləri arasında isə Mingəçevir şəhərində Fondun könüllüləri və tələbələr üçün "Qış məktəbi" təşkil olunmuşdur. Həmçinin, Fondun təşkilatçılığı və ETN- dəstəyi ilə oktyabrın 16-da Bakıda, oktyabrın 17-də Ağsuda, oktyabrın 18-də Balakəndə, oktyabrın 19-da Yevlaxda, noyabrın 28-də Neftçalada və noyabrın 29-da Cəlilabadda məktəblilər arasında “Qüvvət elmdədir” adlı intellektual yarış keçirilmişdir.
Fondun təşkilatçılığı ilə həyata keçirilən “Ziyalı nəsihəti” layihəsi çərçivəsində şair, publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin Zaqatala və Qaxda, Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, yazar Əsəd Cahangirin Ağdaşda, LOQOS Psixoloji Nitq və İnkişaf mərkəzinin psixoloqu Emin Səfərovun Ucarda, yazıçı, jurnalist, nasir, "Multikulturalizm" jurnalının baş redaktoru, AYB-nin üzvü, Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin əməkdaşı Fəxri Uğurlunun Sumqayıtda və ilahiyyat üzrə fəlsəfə doktoru, yazıçı-publisist, din psixologiyası üzrə mütəxəssis Eldar Kərimovun Lerikdə gənclərlə görüşləri baş tutmuşdur.
Fondun icraçı direktoru Mehman İsmayılov oktyabr ayında "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi"nin "Xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığında milli-mənəvi dəyərlərin və dilimizin rolu" layihəsi çərçivəsində "Marneuli FM"-in, həmçinin İTV-də efirən gedən “Sabahın xeyir, Azərbaycan” və AzTV-də efirə gedən “Çıxışa doğru” verilişlərinin qonağı olmuşdur.
2023-ci ildə Fondun sifarişi ilə 5 film və 3 videoçarx hazırlanmış, bu film və çarxlar, həmçinin əvvəlki illərdə hazırlanan filmlər və çarxlar “Space” kanalında iyun ayından etibarən mütəmadi nümayiş etdirilmişdir.
Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan İlahiyyat İnstitutu (İnstitut) üçün 2023-cü il yadda qalan il olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2023-cü il tarixli 444 nömrəli Qərarına əsasən, “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılmışdır. 2023/2024-cü il tədris ilin DİM-in təşkil etdiyi imtahan vasitəsilə Bakı İlahiyyat Kollecinə “Dini-mənəvi xidmət” ixtisası üzrə tələbə qəbulu həyata keçrilməsi palanlaşdırılmışdır.
İnstitutun 2023-cü il üzrə fəaliyyəti müvafiq plana əsasən yerinə yetirilmişdir. İnstitutda tədris mövcud dərs cədvəlləri və sillabuslara uyğun olaraq həyata keçirilmiş, dərslər ali təhsil müəssisəsinin müəllimləri tərəfindən yüksək səviyyədə tədris olunmuşdur. Təhsilin keyfiyyətinin mövcud vəziyyəti və müəllimlərin peşəkarlıq səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə semestr ərzində monitorinqlər (açıq dərslər) və anonim sorğular keçirilmişdir.
Sözügedən təhsil müəssisəsinin 2023-cü təqvim ili 2022/2023-cü tədris ilinin yaz semestrini və 2023/2024-cü tədris ilinin payız semestrini əhatə etmişdir. Ötən il ərzində bakalavriat və magistratura səviyyələri üzrə 2022/2023-cü tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyaları təşkil olunmuşdur. Həmçinin hesabat dövründə 2022/2023-cü tədris ilinin yay tətili müddətində bakalavriat səviyyəsi üzrə altıhəftəlik yay semestri təşkil olunmuşdur. Hazırda 2023/2024-cü tədris ilinin qış imtahan sessiyasına hazırlıq prosesinə başlanılmışdır.
2023-cü ildə də İnstitutun tələbələrinin ərəb dili üzrə bacarıqlarını inkişaf etdirmək məqsədilə ödənişsiz fakültətiv kurslar təşkil olunmuşdur. Eyni zamanda, İnstitut və “İdrak” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İnstitutun 12 tələbəsi üçün ingilis dili kursu fəaliyyət göstərmiş və Qəbələ rayonunda “Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbi baş tutmuşdur. İlahiyyat fakültəsinin III tədris ili tələbələri üçün 1 oktyabr 2022-ci il tarixdən etibarən təşkil olunan peşə hazırlığı kursu 2023-cü ilin birinci yarısında da davam etmişdir.
Ötən ildə İnstitutdan bakalavriat pilləsi üzrə 49 və magisrtura pilləsi üzrə 3 nəfər olmaqla, 52 tələbə məzun olmuşdur. AR Nazirlər Kabinetinin 10.03.2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq olunmuş plan əsasında, İnstitutun doktoranturasına fəlsəfə doktoru proqramı üzrə “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisaslarına 2, DİM-in imtahanlarının nəticəsinə görə, 2023/2024-cü tədris ili üzrə İnstitutun bakalavriat pilləsinə 81 (51-i islamşünaslıq, 30 dinşünaslıq), magistratura pilləsinə isə 8 nəfər qəbul olmuşdur. Digər ali təhsil müəssisələrindən İnstituta 2 tələbənin köçürülməsi baş tutmuşdur. Mübadilə proqramı çərçivəsində İnstitutun “İslamşünaslıq” ixtisası üzrə təhsil alan 2 tələbəsi 2022/2023-cü tədris ilinin yaz semestrində təhsillərini Qazağıstanın "Nur-Mübarək" Misir İslam Mədəniyyəti Universitetində davam etdirmişdir.
İnstitutun elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan və 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilən “Din araşdırmaları” jurnalının IX və X sayları dərc edilmişdir. Jurnalın onuncu sayı üçün məqalə qəbulu aparılmış, nəşr olunması üçün nəşriyyata təqdim olunmuşdur. Həmçinin İnstitutun “İlahiyyat” elmi-publisistik jurnalının növbəti – VIII xüsusi buraxılışı işıq üzü görmüşdür. Jurnalın budəfəki sayı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. On üç rubrikadan ibarət olan xüsusi buraxılışda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, dini konfessiya nümayəndələrinin, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer almışdır. İnstitutun illik fəaliyyətini əks etdirən “Bülleten”in VII və VIII buraxılışları çapa hazırlanmışdır. Həmçinin ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən “Bülleten” və “İlahiyyat nəşrləri” layihəsinə əsasən müəllimlərin kitabları, bukletlər, qeydiyyat kitabları və digər multimedia materialları nəşrə hazırlanmış və çap olunmuşdur.
“Heydər Əliyev İli” çərçivəsində İnstitut “Heydər Əliyev və dini tolerantlıq” mövzusunda respublika elmi konfransı, həmçinin, İnstitut və “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xalqın yaddaşında yaşayan düha: ulu öndər Heydər Əliyev xatirələrdə” mövzusunda konfrans təşkil etmişdir. Eyni zamanda, İnstitutda “Heydər Əliyev və Qarabağ problemi İslam Əməkdaşlıq Təşkilatının müstəvisində” mövzusunda elmi seminar, “Heydər Əliyevin Azərbaycanda İslam maddi-mənəvi mirasının bərpası və qorunmasındakı rolu” mövzusunda “dəyirmi masa” və “Heydər Əliyev və dövlətimizin dini məbədlərə qayğısı kontekstində milli-mənəvi dəyərlərimiz”, “Böyük Qayıdış: Heydər Əliyev strategiyasının təntənəsi”, o cümlədən, İnstitutla Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda tədbirlər keçirilmişdir.
Ötən ildə İnstitutda bir sıra tədbirlər təşkil olunmuşdur: Türkiyənin Kırıkkale şəhərində Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, İnstitut, İndoneziya Sunan Kalijaga Yogyakarta Dövlət İslam Universiteti və Fondun birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda II Beynəlxalq Simpoziumu, Heydər məscidi və İnstitutu birgə təşkilatçılığı ilə “Dini və tarixi aspektdən Kərbəla hadisəsi” mövzusunda elmi konfrans, MDTF və İnstitutun birgə təşkilatçılığı ilə Həzrət Məhəmməd Peyğəmbərin mövluduna həsr edilmiş tədbir, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və İnstitun tərəfdaşlığı ilə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Mehman Şirvanov və Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun xatirəsinə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı anım tədbirləri, 20 Yanvar, Xocalı soyqırımı, 28 May – Müstəqillik Gününə, 15 İyun – Milli Qurtuluş Gününə və digər müxtəlif günlərə, həmçinin əlamətdar hadisələrə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Eyni zamanda, İnstitutun yaradılmasının beşilliyi qeyd edilmiş və Komitənin sədr müavini Səyavuş Heydərovun “Din və qlobal təhlükəsizlik” kitabının təqdimat mərasimi olmuşdur. “Türk-İslam sənətləri” sərgisi təşkil edilmiş, həmçinin İnstitutun təsisçisi olduğu “Din araşdırmaları” jurnalının rəsmi internet saytının təqdimat mərasimi baş tutmuşdur. “Dini maarifləndirmədə qadının rolu” mövzusunda tədbirlər, “İslam və elm” mövzusunda vebinar təşkil olunmuşdur.
2023/2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə İnstitut tərəfindən Sumqayıt şəhərində, Qaradağ, Saatlı, Neftçala, Astara, Masallı, Qusar rayonlarında yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri təşkil edilmişdir. Həmin tədbirlərdə abituriyentlər, orta məktəb müəllimləri və din xadimləri iştirak etmişlər.
Heydər Əliyev adına Hərbi İnstitut ilə Azərbaycan İlahiyyat İnstitutunun 2023-cü il üzrə birgə hazırlanmış Tədbirlər Planına əsasən, İlahiyyat fakültəsi müəllimlərinin Heydər Əliyev adına Hərbi İnstitutda məruzələrlə çıxışları təmin edilmişdir.
İnstitutun tələbə və magistrantları könüllü surətdə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Akademiyanın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına əlyazmalar institutlarının Vikipediya təlimlərinə qatılmış, eləcə də “İslamofobiya ayrı-seçkiliyin spesifik forması kimi: yeni qlobal və transmilli çağırışlar” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etmişlər. Eyni zamanda, İnstitutun tələbələri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda esse müsabiqəsində, “Terra Travel” şirkətinin ETN ilə birlikdə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin yüzilliyinə həsr olunmuş “Azərbaycanı tanıdaq” esse müsabiqəsində, o cümlədən, Bakı Avrasiya Universiteti ilə Səudiyyə Ərəbistanı Krallığının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin birgə yaratdığı “Ərəbşünaslıq Mərkəzi”nin təşkilatçılığı ilə respublikamızda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin tələbələri arasında şeir müsabiqəsində iştirak etmiş və mükafatlara layiq görülmüşlər.
Hesabat dövründə İnstitutun müəllim, tələbə və məzunları İlahiyyat TV Youtube kanalının “Müasir dünya və din”, “Vəhyin işığında”, “İslam deyir ki...” verilişlərinin, həmçinin “Hikmət çeşməsi”, “Ramazan hikmətləri” rubrikalarının qonaqları olmuşlar. Ramazan ayı boyunca efirə gedən “Ramazan hikmətləri” rubrikasında İnstitut müəllimlərinin 15-dən çox çıxışı baş tutmuşdur. Qurani-Kərimin ayə və surələri təfsir olunan “Vəyhin işığında”, eləcə də “Müasir dünya və din” verilişlərinin 15-dan çox buraxılışı efirə getmişdir.
Hesabat dövründə İnstitutla Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Şeyx Abdulla Əfəndi adına İslam Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmçinin, Pakistan Müsəlman İnstitutunun sədri Sahibzada Sultan Ahmed Ali İnstitutu ziyarət etmişdir. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında imzalanan əməkdaşlıq haqqında Memorandum çərçivəsində həyata keçiriləcək tədbirlər, konfranslar, vebinarlar və tələbə mübadiləsi barədə müzakirələr aparılmışdır.
Ötən ilin yanvar-iyun aylarında ABŞ-nin Yuta ştatından Sonuncu Gün Müqəddəslərinin İsa Məsih Kilsəsinin rəhbəri Devid Bednarın başçılıq etdiyi nümayəndə heyəti, İndoneziyanın “Nahdlatul Ulama” qeyri-hökumət təşkilatı və Türkiyənin İLKE Vəqfi nümayəndələri, Misir Baş Müftiliyi baş müşaviri, Ümumdünya Fətva Evlərinin Baş katibi İbrahim Nəcimin İnstitutun qonağı olmuş, təhsil və elm sahəsində qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, mədəni əlaqələrin möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparmışlar.
İnstitut rəhbərliyi və əməkdaşları 2023-cü təqvim ilində bir sıra tədbir və təlimlərdə iştirak etmişlər. İnstitutun rektoru, dosent Aqil Şirinovun 14-17 may 2023-cü il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərinə səfəri çərçivəsində Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdin və Moskva İslam İnstitutunun rektoru, professor Damir Muhetdinovla görüşü keçirilmişdir. O, həmçinin, Rusiya Dövlət Kitabxanasının Baş direktoru Vadim Duda ilə görüşü zamanı ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunmuşdur.
16 may 2023-cü il tarixdə A.Şirinov Moskva şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Elm və Mədəniyyət Günləri çərçivəsində keçirilən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında mədəni və elmi əlaqələrin inkişafında ilahiyyat və multikulturalizm təcrübəsinin rolu” mövzusunda “dəyirmi masa”da çıxış etmişdir. Tədbirdə İnstitutun rektoruna “Moskva İslam İnstitutunun fəxri professoru” diplomu təqdim edilmişdir. 11-13-dekabrda isə A.Şirinov “Dini-mənəvi dəyərlərin qorunması: sülh və təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu” mövzusunda Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunmuş XIX Beynəlxalq Müsəlman Forumunda iştirak etmişdir. Forum çərçivəsində Moskva İslam İnstitutunun rektoru və Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, professor Damir Muhetdinova İnstitutun “Fəxri professoru” diplomunu təqdim edilmişdir.
İnstitutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dossent İlkin Əlimuradov İordaniya Haşimilər Krallığı Vəqflər, İslam Məsələləri və Ziyarətgahları Nazirliyinin dəstəyi ilə dəvətçilərin hazırlanması, kvalifikasiyası və təlimi üzrə Kral II Abdulla adına İnstitutun təşkilatçılığı sayəsində İordaniyanın Amman şəhərində keçirilmiş 44-cü beynəlxalq elmi təlimdə, İslamşünaslıq kafedrasının müdiri, dossent Əhməd Niyazov Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində “Müasir təhsil sistemində İslam teologiyası: problemlər və perspektivlər” mövzusunda III beynəlxalq konfransda, İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev İraqın paytaxtı Bağdad şəhərində keçirilmiş “Al-Taf: islahat inqilabından saleh dövlət quruculuğuna” mövzusunda XI beynəlxalq dini və mədəniyyət forumunda iştirak etmişlər.