Şriftin ölçüsü:
Saytın rəngi:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Komitənin əsas fəaliyyət istiqamətləri dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərmək, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək, dini etiqad sahəsində maarifləndirmə işi aparmaq, dini qurumların dövlət qeydiyyatını həyata keçirmək, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak etmək, dini təyinatlı ədəbiyyatın və materialların ekspertizasının aparmaq, habelə yayılmasına müvafiq nəzarəti həyata keçirmək və s.-dir.
Dövlət Komitəsinin vəzifələri sırasına dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların qanunvericilik ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının həyata keçirilməsi, dini qurumların dövlət reyestrinin aparılması, dini radikalizm və ekstremizm, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması, qanunda göstərilən əsaslar olduqda dini qurumun ləğv olunması barədə məhkəməyə müraciət edilməsi və qanunvericlikdə müəyyən edilmiş digər istiqamətlər daxildir.
Dövlət Komitəsinin dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi məqsədi ilə dini qurumların nümayəndələrini və müvafiq mütəxəssisləri cəlb etmək, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin fəaliyyəti barədə məlumatlar almaq, dini qurumların fəaliyyəti ilə bağlı mübahisəli məsələlərin qanun çərçivəsində tənzimlənməsində iştirak etmək, yaranmış problemlərin həlli barədə müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırmaq, dövlət-din münasibətləri sahəsində məqsədli proqramlar hazırlamaq və s. bu kimi hüquqları var.
Dövlət Komitəsinin strukturuna rəhbərlik, Mərkəzi Aparat və regional bölmələr daxildir.
Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təyin edilir.
Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən dörd müavini vardır.
Mərkəzi Aparatda 9 şöbə, bölgələrdə 15 regional bölmə fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu təsis edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. 8 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılmışdır.
Əsas fəaliyyətini milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi üzərində quran Dövlət Komitəsi bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirir.