Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Məqalə
04.10.2021 / Məqalə

Nizami Gəncəvinin yaradıcılığında insan problemi

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeziyası insanın mahiyyəti, onun cəmiyyətdə yeri və rolu, təbiətə münasibəti ilə bağlı dini-fəlsəfi fikirlərlə zəngindir. Mütəfəkkir şair insan probleminə dair düşüncələrini özünün poemalarında böyük ustalıqla, poetik şəkildə ifadə edir. Nizami Gəncəvi insanı kainatın əşrəfi olan ali varlıq adlandırır. Şairin yaradıcılığında insan-təbiət-cəmiyyət münasibətləri vəhdət halında götürülür.

Qeyd edək ki, insan problemi qədimdən başlayaraq mifologiya, din və fəlsəfə kimi dünyagörüşü formalarının diqqət mərkəzində dayanan məsələlərdən biri olmuşdur. İnsanın mahiyyəti haqqında ilk təsəvvürlər hələ fəlsəfə formalaşmamışdan əvvəl meydana gəlmişdir. Tarixin ilkin mərhələlərində insana münasibət mifoloji və dini şüur çərçivəsində müəyyən edilirdi. Əfsanələrdə, rəvayətlərdə və miflərdə insanın varlığına dair mülahizələr əsasən totemizm formasında özünü göstərirdi.

İnsan problemi haqqında tarixən müxtəlif filosoflar və fəlsəfi cərəyanlar (təbiət fəlsəfəsi, rasionalist fəlsəfə, fəlsəfi antropologiya və s.) bir-birindən fərqli ideyalarla, fəlsəfi sistemlərlə çıxış edir. İnsanın mahiyyətinin ayrıca, xüsusi fəlsəfi problem kimi öyrənilməsinə əsasən Antik dövrün fəlsəfəsində başlanılmışdır. Orada insana kosmosentrizm nöqteyi-nəzərindən yanaşılmış, ona kosmosun bir hissəsi, makrokosmun ümumi qanunlarına tabe olan mikrokosm kimi baxılmışdır. Antik fəlsəfəyə görə, insan kosmosun, hansısa fövqəltəbii “nizamın” və kainatın simvoludur. İnsanın ruhu və zəkası haqqında təlim qədim yunan filosofu Sokratın fəlsəfəsində aparıcı yer tutmuşdur. Onun “Özün özünü dərk et!” fikri bir çox fəlsəfi təlimlərin devizinə çevrilmişdir. Antik dövrün filosofları həyatın mənası haqqında məsələyə müxtəlif tərəflərdən yanaşırdılar. Məsələn, Sokrat həyatın mənasını xoşbəxtlikdə görürdü və bildirirdi ki, ona nail olmağın yolu xeyirxahlıqdan, əxlaq normalarına əməl etməkdən və s. keçir. Platona görə, həyatın mənası ruha qayğı göstərməkdir. Aristotelin fikrincə, həyatın mənası mərd, səxavətli və məsuliyyətli insan olmaqla bağlıdır. Epikur qeyd edir ki, həyatın mənası xoşbəxtlik, sakitlik və zövq almaqdır.

Antik dövrün mütəfəkkirlərinin – Sokrat, Platon (Əflatun), Aristotel (Ərəstu), Miletli Fales (Valis), Porfiri (Farfuriyus), Plin (Bəlinas) və b. fikirləri, eyni zamanda İslam dini Nizami Gəncəvinin insan probleminə dair baxışlarına böyük təsir göstərmişdir. Dahi şair insanın kainatın sirlərini dərk etməyə çalışması, insan-təbiət, insan-cəmiyyət münasibətləri, həyatın mənası və s. məsələlərlə bağlı özünəməxsus fikirlərlə çıxış etmişdir. Nizami Gəncəvi kainatın yaranması ilə bağlı bildirir:

 

Nə yolla yarandı boşluqdan aləm?

Bir söz lazımdır ki, bağlı sirlər

Açılsın qönçə tək, şadlansın səhər.

 

Şair öz şerlərində dünyadakı varlıqları Tanrının yaratdığını qeyd edir. Onun fikrincə, Tanrının özü özündən, insan isə onun əzəmətindən yaranmışdır. Tanrı bənzərsizdir, onun varlığında hansısa surət və tərkib görünmür. Nizami Gəncəvi bildirir ki, ən müdrik alimlər və peyğəmbərlər belə Tanrının sirlərinə vaqif ola bilməmişdir. Tanrının əbədi və dəyişməz, insanın isə gəldi-gedər olduğunu vurğulayan şair Tanrıya müraciətində bildirir.

 

Sən özündən doğuldun, biz sənin cəlalından.

Varlığında görünmür nə surət, nə də tərkib,

Heç kimə bənzəməzsən, de kim sənə bənzəyib?

Dönməz, dəyişməz varlıq tapılarsa o, sənsən,

Ölməyib, ölməyəcək qüdrət varsa, o, sənsən.

Sən - yaşarı və sonsuz, bizsə - gəldi-gedəri,

Hökmündədir kainat, yerin, göyün mehvəri.

 

Nizami Gəncəvi bütün varlıqların Tanrının qarşısında kiçik olduğunu qeyd edir. İnsanın Tanrının bəndəsi olduğunu bildirir:

 

Hamımız bir sənin bəndənik, əlbət.

Kainat adlanır qurduğun əsər,

Sənin əlaltındır altı cəhətlər.

Sən o varlıqsan ki, kəc baxsa insan,

Bir dəmdə kor olar gözləri, inan.

 

Nizami Gəncəvi qeyd edir ki, kainatın yaranması tarixini öyrənmək həmişə insanı düşündürmüş və o, buna ağlın, idrakın vəzifəsi kimi baxmışdır. Dünyanın varlığı və onun yoxluqdan necə yarandığı həmişə suallar doğurmuşdur. Elm daim kainatın sirlərini öyrənməyin axtarışındadır. İnsanın elmsiz yaşaması qeyri-mümkündür. Nizami Gəncəvi kainatın sirlərinin dərk edilməsində elmə böyük dəyər verir. Şairin sözlərinə görə, insan varlığı böyük hikmətə malikdir və o, dünyanın gərdişini (hərəkətini) anlamağa çalışır. İnsan kainatın sirlərini tam şəkildə dərk edə bilsəydi bir göz qırpımında bütün dünyanı gəzərdi. Nizami Gəncəvinin əsərlərində insan təbiətlə sıx şəkildə təsvir edilir. Dahi şair qeyd edir ki, təbiət insana xidmət üçün yaradılmışdır. Buna görə insan təbiətin qədrini bilməli və onu qorumalıdır.

Nizami Gəncəvi insanı idraka malik olan qüdrətli varlıq adlandırır, təbiətin və cəmiyyətin inkişaf qanunauyğunluğunun dərk edilməsində insan zəkasına böyük əhəmiyyət verir. O, kainatın hərəkətinin müəyyən nizama əsaslandığını və məqsədyönlü xarakter daşıdığını bildirir.

 

Başlanğıc hərəкət olmasa əgər

Hərəкət edərmi bir cəhrə məgər?

Hərəкət verərsə ona bir insan,

O da hərlənəcəк yəqin bir zaman.

Кainat özü də belə dövr edir,

Gövhər tanıyana aydındır bu sirr.

 

İnsanın cəmiyyətdə yeri və roluna dair Nizami Gəncəvinin görüşlərini təhlil edərkən məlum olur ki, dahi şair insanın bioloji varlıq kimi, həm də sosial mahiyyət daşımasına böyük əhəmiyyət vermişdir. Məlumdur ki, insan fiziki və son dərəcə təkrarsızlığa malik olan varlıqdır. Digər tərəfdən, insan ictimai ünsiyyət və birgəfəaliyyət əsasında formalaşan şüura və zəkaya sahibdir ki, bu da onun biososial mahiyyətini ifadə edir. İnsan zəkası vasitəsilə özünün keçmişi haqqında fikirləşir, onu tənqidi qiymətləndirməyi bacarır və öz gələcəyi ilə bağlı məqsədlər müəyyənləşdirir. İnsana şüurlu və məqsədyönlü yaradıcılıq fəaliyyəti xasdır. İnsan öz hərəkətlərinin nəticələrini, təbiətdə gedən prosesləri və onların inkişaf istiqamətlərini proqnozlaşdırmaq qabiliyyətinə malikdir. O, öz fəaliyyətiilə mənəvi-əxlaqi dəyərlər yaradır. Bütün bunlardan çıxış edən Nizami Gəncəvi insanlıq mərtəbəsinin bütün xilqətlərdən (yaradılanlardan) üstün olduğunu bildirir.

Dahi şair fələklər (səma, asiman) qədər uca olan insanı başqalarına yaxşılıq etməyə və yardım göstərməyə, həyatda nikbin olmağa çağırır. Onun fikrincə, kamil insan nəfsini saxlayandır. İnsan öz nəfsini tərbiyə etməli və sağlamlığını qorumalıdır. Nizami Gəncəvinin yaradıcılığında xoşbəxtlik və xeyirxahlığa insanın mahiyyətini ifadə edən anlayışlar kimi baxılır. Şairə görə, həyat xoşbəxtliyə can atmaqdır, xeyirxahlıq isə insanın bu yolda istəklərinə nail olmağa kömək edir. Xeyirxahlıq insanın adillik nişanəsidir. İnsan dünyada gəldi-gedərdir, ona görə də yaşadığı müddətdə xeyirxah işlər görməlidir.

Mütəfəkkir şair bildirir ki, dünyada xeyirlə şər, kədərlə sevinc arasında mübarizə gedir. İnsan nəvaxtsa həyatdan köçsə də, o, xeyirxah əməlləri ilə xatirələrdə yaşayacaq, bu dünyada sözü yadigar qalacaqdır. Nizami Gəncəviyə görə, insan ünsiyyətcil olmaqla və çalışqanlığı sayəsində qarşısına qoyduğu məqsədlərə çata bilər. İnsan hansısa işə başlamamışdan əvvəl onun nəticəsini düşünməlidir. O, gördüyü hər bir işi təmkinlə yerinə yetirməlidir ki, uğurlu olsun.

Dahi şair qeyd edir ki, zəhmət çəkənlər onun səfasını görür. Əməksevər insan gördüyü işdən zövq alır. Hər zəhmətin sonunda bir səadət var. Bəziləri bunu dərk etmir və öz aqibətini düşünmür ki, bu da təəssüf doğurur:


 

Aqibəti düşünmək - yüksəliş imkanımız!

Öz sonunu düşünmək imkanımız var bizim,

Başqa xilqətlərə bu, qismət deyil, əzizim.

Sevgi, həyat nəşəsi şirin olsa da candan,

Aqibəti düşünmək ondan da xoşdur, inan.

 

Nizami Gəncəvi insan zəkasını ən ali dəyər kimi qiymətləndirir. Şair hesab edir ki, insan daim həyatın mənasının axtarışında olmalı, qarşısına məqsədlər qoymalı və onlara çatmağın yollarını tapmalıdır. İnsan o halda xoşbəxtdir ki, özünü dərk edir. O, torpaqdan yaransa da, zəkası ilə kainatın bütün sirlərini öyrənməyə çalışır.

Nizami Gəncəvi insanın hədər yerə boş vaxt keçirməyinin mənasız olduğunu bildirir. İtirilmiş vaxtın geriyə qaytarılmasının qeyri-mümkünlüyünü qeyd edir.O, insanı özünüdərketməyə və gördüyü işlərin mahiyyətini anlamağa çağırır. Şair vaxtını əsasən əyləncələrlə keçirən insanı tənqid edir. Onun fikrincə, insan mənalı ömür yaşamalı, xeyirxah işlərlə məşğul olmalıdır ki, bu dünyadan köçəndə başqalarının yaddaşında xoş əməlləri ilə xatırlansın.

Qeyd edək ki, insan varlığının mahiyyətində özünüifadəyə və dərketməyə cəhd dayanır. Bu aspektdən yanaşsaq görərik ki, Nizami Gəncəvi insanın özünü, eyni zamanda təbiətdə və cəmiyyətdə gedən proseslərin mahiyyətini dərk etməsinə böyük əhəmiyyət verir:

 

Yerləri, göyləri öyrənək bir-bir,

Qalmasın bizimçin açılmamış sirr.

Görək, kim yaratmış bu təbiəti,

O kimdir, işinin nədir hikməti?

Bu varaq üstündə çəkilən hər xətt

Sənətkar əliylə yaranmış, əlbət.

 

Nizami Gəncəvi insanın dünyanı həqiqətin gözüylə (rasional şəkildə) dərk etməyə çalışdığını bildirir. Şairin sözlərinə görə, dünyanın yaradılışının mahiyyətini insanın dərk etməsi və onun sirlərini öyrənməsi çox çətindir:

 

Xilqətin sirrini az ara, az gəz,

O, adi gözlərlə görünə bilməz.

Elə toxunmamış bu ip əzəldən

Ki, onun ucunu tapa biləsən.

Tanrı qüdrətiylə düyüm bağlayan

Bu ipi açmamış, açammaz insan.

 

Nizami Gəncəvi yaradıcı insana və sözə mühüm əhəmiyyət verir. O, bildirir ki, söz yaradıcı insanın gücüdür. İnsan yazıb-yaratmaqla düşüncələrini qoruyub saxlayır. Onun fikirləri sözlə başlayır və bitir. İnsanın yazdıqları dünyaya şölə saçır. Cəmiyyətdə qayda-qanunların yaradılması və böyük kəşflər sözün qüdrəti sayəsində mümkün olur. Dahi şairin fikrincə, söz insanı istiqanlı etməklə ona yaradıcılıq ilhamı verir. İnsan nitqinin qüdrəti sözlə bağlıdır. Buna görə də:

 

Nə qədər ki cahan var, sözün coşsun qoy səsi,

Qoy sözlə tazələnsin Nizaminin nəfəsi.

 

Şair bildirir ki, yaradıcı insan üçün söz gövhərə və lələ bənzəyir. Əgər hansısa insan söz aləmində mövqe tutmuşdursa, onun özü yerdə olsa da, ruhu göylərdə yaşayır. Dərin düşüncəli sənətkar sözlə iki cahanın (bu dünyanın və axirət aləminin) nemətlərini qazanır. İncə söz memarı olan şairin ilham pərisi onu dünyada güclü misraları ilə tanıdır.

Nizami Gəncəvi qiymətli sözə böyük dəyər verib bildirir ki, şair süst olub oturmamalı, göylərə ucalan söz yaratmalıdır. O, elə bir şer yazmalıdır ki, dünyanın şah əsəri onunku olsun. Lakin, yaradıcı insan qiymətli əsərlərə malik olsa da, bundan heç vaxt loğvalanmamalıdır. Ondan da gözəl əsərlərin yaradıla biləcəyini düşünməlidir. Nizami Gəncəvi şairi təfəkkür meydanında oda bənzədir. Onun fikrincə, şer hətta Tanrının mələklərini belə ofsunlayır.

Nizami Gəncəvi insanlara mərdlik, xeyirxahlıq, səbirli olmaq və s. əxlaqi keyfiyyətlər aşılayır, məhz onların sayəsində xoşbəxtliyə nail olmağın mümkünlüyünü qeyd edir. Dahi şair insanları vicdanlı olmağa, mənəvi dünyalarını saflaşdırmağa, həsəd və paxıllıqdan uzaq durmağa çağırır. Onun fikrincə, insan həyatda dəyanətli və dözümlü olmalı, üzləşdiyi çətinlikləri aradan qaldırmağı bacarmalıdır. İnsan ədalətli olmalı, əks halda heç kim onu aqil adlandırmaz. Ədalətli olan insan dünyada ən böyük səadət tapar. Ədalətin sayəsində yer üzü abad olar.

Nizami Gəncəviyə görə, xeyirxahlıq ruhun elə qabiliyyəti və yaxud keyfiyyətidir ki, o, insanın xoşbəxtliyə nail olmasında mühüm rol oynayır. Şairin əsərlərində səxavətlilik, düzgünlük, səmimilik və lütfkarlıq kimi əxlaqi dəyərlər tərənnüm edilir. Bu dəyərlərin insanın özünənəzarətinin ölçüsü və şərtləri olduğu qeyd edilir.

Şair bildirir ki, əxlaqlı və ədəbli insan yeri gəldikdə başqasının uğrunda canını fəda etməyə belə hazırdır. Nizami Gəncəvi insanı ədəb-ərkan qaydalarına riayət etməyə çağıraraq yazır ki, o, yaxşını və yamanı qiymətləndirərkən ölçü həddini itirməməlidir. Qəm və sevinc insanın həyatında qoşa qanadlı ömürdür. Hər kəs özündən yaşlıların qayğısına qalmalıdır ki, ona da böyüklük adlı çələng çatsın.

Şairin fikrincə, insan dünyanın qiymətli varlığı, incisidir. O, ağıllı nəsihətlərə qulaq asmalıdır ki, çətinliklərlə üzləşməsin, hansısa çıxılmaz vəziyyətə düşdükdə belə ondan qurtula bilsin. Nizami Gəncəvi insanları dostluğa çağırır və onları kin-küdurətdən əl çəkməyə dəvət edir. O, bildirir ki, dünya həmişə sülhdən xeyir görmüş, kindən isə ziyan çəkmişdir. Kinli insanın keçdiyi yollarda tikan göyərmişdir. İnsan öz işini elə qurmalıdır ki, başqalarında əbəs yerə kin yaratmasın. Nizami Gəncəvi yaxşı insanlarla dostluğu tərənnüm edərək yazır:

Cahanda yaxşılarla yaxşı bağlasan ülfət,

Bir cüt qanad taparsan, hər uçuşu səadət!

Dahi şairə görə, insan dürüst və dəqiq olmalıdır, çünki bu keyfiyyətlərin sayəsində hər bir işuğurla nəticələnir. İnsan bu dünyada əməlləri ilə necə tanınıbsa, axirət aləmində da o cür tanınacaq. Nizami Gəncəvi insanın özündənrazılığına əxlaqi qüsur kimi yanaşır və bununla bağlı bildirir:

 

Özünü bəyənsə insan nə qədər,

Öz gözündən ona dəyər bəd nəzər.

Özündən razılar hər zaman sınar,

Ondan qurtarana uzun ömür var.

 

Nizami Gəncəvi elmə qüdrətli dəyər kimi baxır, alimin cəmiyyətdə yerinin uca olduğunu vurğulayır. Elmə və biliyə əhəmiyət verən dövlətin güclü olduğunu qeyd edir. Şairbildirir ki, kainatın sirlərini öyrənməyin yolu elmi biliklərdən keçir və onlar mükəmməl, kamil olmalıdır:

 

Bir elm öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Məndən söyləməkdir, səndən eşitmək,

Bir insan əliboş gəzməsin gərək.

 

Dahi şair qeyd edir ki, bilikli adamlar uzaqgörən olar və insanın kamalı qiymətli sərvət kimi ona dayaqdır. Buna görə də:

 

Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dürr, daşdan da gövhər çıxardar.

Ancaq, öyrənməyi ar bilən insan

Məhrumdur dünyada bilik almaqdan.

 

Yuxarıda qeyd edilənlərin ümumiləşdirilməsindən aydın olur ki, Nizami Gəncəvinin yaradıcılığında insan, onun mahiyyəti, cəmiyyətdə yeri və rolu, özünüdərketməsi, insan-Tanrı və insan-təbiət münasibətlərinə dini-fəlsəfi yanaşmalar xüsusi yer tutur. Dahi şair öz poemalarında insanın kainatın əşrəfi olduğunu və insanlıq mərtəbəsinin bütün yaradılanlardan üstünlüyünü elmi biliklər, gündəlik həyat hadisələri və tarixə əsaslanmaqla poetik şəkildə ifadə edir. Nizami Gəncəvinin insan varlığına dair dini-fəlsəfi görüşləri həm Şərq, həm də Qərb fəlsəfi fikrinə və poeziyasına mühüm təsir göstərmişdir.

 

Vüqar Səlimov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı,

fəlsəfə üzrə fəlsəfə doktoru