Zərdabda “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizmin təsirlərindən qoruyaq” mövzusunda tədbir keçirilib
25 oktyabr 2022, 07:13

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab şəhər Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizmin təsirlərindən qoruyaq” adlı tədbir keçirilib.

Zərdab şəhər Peşə Liseyində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, İsaqbağı kənd məscidinin imamı Elgün Kərimov, liseyin müəllim və tələbələri iştirak ediblər.

Çıxış edən natiqlər dini radikalizm və ekstremizmlə mübarizənin prioritet məsələ olduğunu vurğulayıblar. Bildiriblər ki, radikal dini cərəyanlar öz təbliğatlarına hədəf kimi əsasən gəncləri seçib onları asanlıqla manipulyasiya obyektinə çevirdiyinə görə, gənc və yeniyetmələrin maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

Daha sonra tədbirin mövzusu ilə bağlı  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.