Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 33-cü ildönümünə” həsr olunmuş “Xocalı-qan yaddaşımız” adlı anım tədbiri keçirilib.
Zərdab şəhər “Cümə” məscidində keçirilən tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Murad Həsənov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
İlk olaraq Xocalı faciəsi qurbanlarının və ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərimizin ruhlarına dualar oxunub.
Çıxışlar zamanı qeyd edilib ki, 33-cü ildönümünü yad etdiyimiz Xocalı faciəsi bir xalq və ya millətin məsələsi deyil, bəşəri faciədir. Soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə tariximizin qanla yazılmış səhifəsidir. Xocalı faciəsi öz həqiqi hüquqi-siyasi qiymətini Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra alıb. Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və ordumuzun gücü ilə ölkəmizin ərazi bütövlüyü bərpa edilib, Xocalı faciəsinin də qisası alınıb.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.