Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq bölgələrdə silsilə tədbirlər keçirilir.
İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Murad Həsənov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Masallıda baş tutan tədbirdə isə RİH-nin başçısı Araz Əhmədov, Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Dövlət Təhlükəsizliyi Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Rəşid Talıbov və din xadimləri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, humanizmi və bəşəri ideyaları ilə dünya sivilzasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üşün şərait yaradılıb. Eyni zamanda Məhərrəm ayı ilə bağlı bütün mərasimlərin qanunvericilik çərçivəsində, pandemiya ilə bağlı qaydalara uyğun keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Məhərrəmlik mərasimlərində hər kəsə QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etmək tövsiyə edilib.