Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “Şuşa zirvəsi” adlı tədbir keçirilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Mərkəzin direktoru Könül Rəhimova, təşkilatçı qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bi azərbaycanlının mənəvi varlığının ayrılmaz tərkib hissəsidir. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Vurğulanıb ki, dövlət başçısı cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan olunması barədə Sərəncamı Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.