Zərdabda məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib
21 oktyabr 2022, 04:00

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib.

Zərdab rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın bölgə üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, RİH nümayəndəsi Xəyalə Veyisova, Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva, Gənclərin İnkişaf və Karyera mərkəzinin Zərdab rayonu üzrə nümayəndəliyinin rəhbəri Vüsal Yusifov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bu problemin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini zəruri edir. Həmçinin çıxışlar zamanı ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunma yolları və s. barədə ətraflı fikir mübadiləsi aparılıb.