Sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Yeniyetmə və gənclərin inkişafında dini maarifləndirmə və dini təbliğatın rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, MKS-nin direktoru Nailə Əliyeva, Zərdab şəhər “Cümə” məscidinin imam müavini Elşən Şirinov, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, milli-mənəvi dəyərlər xalqımızın mövcudluğunun əsas göstəricisi və onun ən qiymətli sərvəti hesab olunur. Bu səbəbdən yeniyetmə və gənclərə milli-mənəvi dəyərlərin aşılanması müasir cəmiyyətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. O da vurğulanıb ki, dövlətimizin siyasətində əsas prioritet sahələrdən biri də dini maarifləndirmə işinin düzgün şəkildə aparılmasıdır.
Sonda tədbirin mövzusu ilə bağlı diskussiya təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.