Zərdabda maarifləndirmə tədbiri keçirilib
10 iyun 2021, 09:06

İyunun 10-da Zərdab Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbində “Dini radikalizm, narkomaniya, erkən nikah və onların fəsadları” adlı  tədbir keçirilib.

Xüsusi karantin rejimi qaydalarına əməl etməklə keçirilmiş tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin məsləhətçi-psixoloqu Xəyalə Niftəliyeva və məsul katibi Zamil Əliyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Rayon Təhsil Şöbəsi, Gənclər və İdman idarəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Polis şöbəsinin nümayəndələri, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı dini radikalizm, narkomaniya və erkən nikahın təhlükəli fəsadlarına qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığı, bu istiqamətdə görülən işlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu və bunların qarşısının alınması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi bildirilib. Belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışılıb. Bu problemlərə qarşı mübarizədə ailənin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.