Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin (Mərkəz) birgə təşkilatçılığı ilə “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” adlı maarifləndirici tədbir keçirilib.
Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Mərkəzin müdiri Ləman Səfərəliyeva, təşkilatçı qurumların nümayəndələri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb. Xalqımız hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.