Zərdabda işğaldan azad olunmuş ərazilərdəki tarixi - dini abidələr mövzusuna həsr olunmuş tədbir keçirilib
18 aprel 2022, 07:33

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar  bölgəsi üzrə şöbəsi, Zərdab rayon Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət Mərkəzi, Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin Qəbələ regional şöbəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərdəki tarixi - dini abidələr və milli-mədəni irsimiz” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, təşkilatçı qurumların nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirdə mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki,  işğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. Vurğulanıb ki, həmin ərazilərdəki 67 məsciddən 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. O da bildirilib ki, vaxtilə işğal edilmiş ərazilərdə muzeylər, tarixi əhəmiyyətli abidələr dağıdılaraq məhv edilib.

Tədbir diskussiya şəkilində davam etdirilib.