Sentyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə DQİDK-nın sifarişi ilə nəşr olunan kitabların təqdimatına həsr olunmuş tədbir keçirilib.
Pandemiya qaydalarına əməl olunmaqla təşkil olunan tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) müdiri Nailə Əliyeva və MKS-nin əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, Dövlət Komitəsinin və DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə mütəmadi olaraq milli-mənəvi və dini dəyərlərimizi təbliğ etmək məqsədilə kitab, broşür və digər çap məhsulları hazırlanır. Bu cür kitabların nəşr olunmasında əsas məqsədin vətəndaşlarımızın sağlam dini ədəbiyyatla təmin edilməsi olduğu da diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.