Zərdab və Ucar rayonlarında maarifləndirmə tədbirləri keçirilib
19 may 2022, 09:32

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar  bölgəsi üzrə şöbəsi bölgələrdə maarifləndirmə tədbirləri keçirib. Zərdab şəhər Peşə Liseyi ilə “Yeniyetmə və gəncləri dini radikalizmin təsirlərindən qoruyaq”, Ucar rayonu Rəstəcə kənd tam orta məktəbilə isə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda birgə təşkil edilmiş tədbirlərdə  DQİDK-nın bölgə üzrə şöbəsinin əməkdaşları Sədi Hüseynov, Rauf Nəsirov, təhsil ocaqlarının müəllim və şagird kollektivləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, dini radikalizmə qarşı mübarizədə maarifləndirmə əsas metodlardan biridir. Bu sahədə, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğinə önəm verilməli, həyata keçirilən maarifləndirmə tədbirlərində müxtəlif məzmunlu təbliğat materiallarından geniş istifadə edilməlidir. Tədbirlərdə dini radikalizmin fəsadları barədə geniş fikir mübadiləsi aparılıb, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin məktəblilərin milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşması, zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.