“Zəfər yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Xankəndi və Ağdamda olublar
09 sentyabr 2026, 16:37

Sentyabrın 9-da Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Xankəndi şəhərində yerləşən Zəfər parkında olub. Burada qonaqlara Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının tarixi ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərqərar olunması  uğrunda nümayiş etdirdiyi əzmkarlıq, qəhrəmanlıq, həmçinin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə barədə məlumat verilib. Zəfər parkının xalqımızın şanlı tarixinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra Ağdam Şəhidlər Xiyabanına gələn qonaqlar  Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib, onların ruhlarına dualar oxuyublar.

Ağdam şəhərində yerləşən “Cümə” məscidini ziyarət edən layihə iştirakçılarına məscidin tarixi, işğal dövründə məruz qaldığı dağıntılar, həmçinin burada görülən quruculuq tədbirləri barədə ətraflı məlumat çatdırılıb. Qeyd edilib ki, ibadət yerinin bərpasına 2022-ci ilin mart ayında başlanılıb. Konservasiya və restavrasiya fəaliyyətləri məscidin ilkin memarlıq üslubu qorunmaqla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

Nümayəndə heyətinin üzvləri Qarabağda gördüklərinin onlar üçün böyük mənəvi və tarixi əhəmiyyət daşıdığını ifadə ediblər. Onlar işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma prosesinin, tarixi və dini irs nümunələrinin yenidən dirçəldilməsinin Azərbaycanın Zəfər salnaməsinin mühüm nəticələrindən biri olduğunu, eyni zamanda, belə səfərlərin soydaşlarımız arasında milli-mənəvi bağlılığın möhkəmləndirilməsi, zəngin tarixi-mədəni mirasın tanıdılmasında müstəsna rol oynadığını bildiriblər.