Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayon Məmməd Buraqov adına Yolayrıc kənd tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Ramin Həsənov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun əməkdaşı Aydın Camalov, Yolayrıc kənd tam orta məktəbinin direktoru Gülənbər Malcanova, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı gənclərə diqqət və qayğının göstərilməsinin, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlərin görülməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib. Bildirilib ki, dövlət tərəfindən gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqa hörmət, adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına böyük diqqət və məsuliyyətlə yanaşılır.