İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev siyasəti: Müasir Azərbaycan gəncliyi və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, ölkə gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Vurğulanıb ki, Ulu Öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.