Zaqatalada tolerantlıq və multikulturalizm mövzusu müzakirə olunub
27 fevral 2024, 09:14

Fevralın 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Danaçı kənd 1 №-li tam orta məktəbində “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi” mövzusunda tədbir  keçirilib.
Tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Aydın Camalov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmindən bəhs edilib. Azərbaycanda əsrlərdən bəri yaşayan və tarixən mövcud olaraq xalqımızın həyat tərzinə çevrilən zəngin multikultural və tolerant dəyərlərdən danışılıb.