İyunun 4-də Zaqatala İslam Kollecində “Qurban bayramı və dini həmrəylik: İslamın yardımlaşmağa verdiyi dəyər” mövzusunda tədbir keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə dini bayramların hər il yüksək səviyyədə keçirildiyi vurğulanıb. Qeyd olunub ki, dövlət və cəmiyyətin birgə səyləri nəticəsində qorunub saxlanılan və daha da zənginləşdirilən milli-mənəvi və dini dəyərlərimiz sabitliyin, həmrəyliyin, bərabərliyin və tolerantlığın möhkəmlənməsinə böyük töhfə verir.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.