Zaqatalada “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib
30 iyul 2026, 16:59

İyulun 29-30-da Zaqatala şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birgə təşkilatçılığı ilə bölgə din xadimləri və dini icma sədrləri üçün “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə çıxış edən MDTF-nin icraçı direktoru Vüsal Göyüşov din xadimlərinin peşəkar inkişafının dini maarifləndirmənin səmərəliliyini artırdığını vurğulayıb. O qeyd edib ki, informasiya texnologiyaları və sosial medianın imkanlarının genişlənməsi onların üzərinə yeni vəzifələr qoyur. Bu baxımdan onlar dini biliklərlə yanaşı, gənclərlə iş, ictimai ünsiyyət və milli-mənəvi dəyərlərin təşviqi sahəsində də bacarıqlarını mütəmadi təkmilləşdirməlidirlər.

Seminar-treninqin ilk günündə Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov “Dini radikalizmlə mübarizədə din xadimlərinin missiyası” adlı məruzə ilə çıxış edib. O bildirib ki, radikalizmin qarşısının alınmasının əsas şərtlərindən biri cəmiyyətin düzgün biliklər əsasında maarifləndirilməsi və sağlam düşüncənin formalaşdırılmasıdır. Din xadimləri fəaliyyətləri ilə radikal ideologiyaların mahiyyətini izah etməli, xüsusilə gənclər arasında zərərli dini təsirlərə qarşı preventiv maarifləndirmə işi aparmalıdırlar.

Aİİ-nin İslamşünaslıq kafedrasının müəllimi, “İlahiyyat” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov dialoq mədəniyyəti və dini-mənəvi xidmət barədə danışıb. O qeyd edib ki, din xadimlərinin cəmiyyətlə etimada əsaslanan münasibətlər qurması, müxtəlif sosial qruplarla qarşılıqlı hörmət prinsipləri əsasında dialoqu inkişaf etdirməsi dini-mənəvi xidmətin keyfiyyətini artıran əsas amillərdəndir. Çıxış zamanı etik davranış, düzgün ünsiyyət və dinləmə bacarığının əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, bu amillər cəmiyyətdə qarşılıqlı anlaşmanın və mənəvi birliyin güclənməsinə xidmət edir.

Seminar-treninqin ikinci günündə Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov din xadimlərinin fəaliyyətində səmərəliliyin artırılmasına dair təqdimatında bildirib ki, müasir dövrdə görülən işin faydalılığı yalnız ilahiyyat üzrə biliklərin çatdırılması ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələri ilə düzgün kommunikasiya qurmaq, yeni məlumatlandırma üsullarından istifadə etmək və dövrün çağırışlarını nəzərə almaq bacarığı ilə müəyyən olunur. E.Məmmədov din xadimlərinin bilik və bacarıqlarının davamlı inkişafının, xüsusilə gənclərlə iş, rəqəmsal kommunikasiya və sosial məsuliyyət istiqamətlərində peşəkar yanaşmanın gücləndirilməsinin vacibliyini ifadə edib.

Daha sonra MDTF-nin icraçı direktorunun müavini Ceyhun Əliyev sosial medianın dini maarifləndirmədə rolu barədə məruzə edib. O, rəqəmsal platformaların yaratdığı imkanlardan, bu resurslardan düzgün və məsuliyyətli istifadənin əhəmiyyətindən, sosial şəbəkələrdə yayılan dezinformasiya və manipulyativ məzmunlara qarşı mübarizədən bəhs edib. Qeyd olunub ki, rəqəmsal mühitdə din xadimləri yeni kommunikasiya imkanlarından səmərəli yararlanmalı, eyni zamanda etik prinsiplərə və qanunvericiliyin tələblərinə uyğun davranmalıdırlar.

Qeyd edək ki, seminar-treninqin keçirilməsində əsas məqsəd din xadimlərinin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların müasir dövrün çağırışlarına uyğun fəaliyyət imkanlarının gücləndirilməsi, eləcə də vahid və məqsədyönlü yanaşmanın formalaşdırılmasıdır. Bu cür tədbirlər ruhanilərin cəmiyyətlə, xüsusilə gənclərlə daha effektiv ünsiyyət qurmasına, radikal ideologiyalara qarşı maarifləndirmə işinin gücləndirilməsinə və milli-mənəvi dəyərlərin təbliğinin keyfiyyətinin artırılmasına xidmət edir.