İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Zaqatala rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb.
Öncə Ulu Öndər Heydər Əliyevin Zaqatala şəhərində ucaldılan abidəsi ziyarət olunub.
DQİDK və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) rəhbər şəxsləri, dini konfessiya, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən ölkədir. Rayondakı mövcud dini durum barədə məlumat verən M.Əhmədzadə vurğulayıb ki, milli-mənəvi dəyərlərimizə yad ideologiyaların zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Komitənin həyata keçirdiyi tədbirlər əhali tərəfindən razılıqla qarşılanır.
DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxışında din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib. O, ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda formalaşan tolerantlıq və birgəyaşayış mühitinin ölkəmizi dünyada multikulturalizm mərkəzinə çevirdiyini qeyd edən sədr müavini dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında da məlumat verib.
S.Heydərov vurğulayıb ki, Azərbaycanda radikal cərəyan mənsublarına qarşı mübarizədə bir sıra vasitələrdən istifadə edilir, ölkəmizdə bu sahədə praktiki yöndən işlər mühüm nəticələr verir. Dini maarifləndirmə işinin düzgün və səmərəli təşkili, cəmiyyətimizin müxtəlif din və millətlərin mənsublarının birgəyaşayış tərzinə olan münasibəti bu nəticələrin qazanılmasında həlledici rol oynayır. Dövlətimiz zəruri hallarda hüquqi aspektdən tələb olunan inzibati tədbirlər də həyata keçirməklə, bu nəticələrin effektivliyini daha da artırır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamilə Əliyeva Azərbaycanın mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik ölkə olduğunu, bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan ölkəmizin dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətində tolerantlıq və qarşılıqlı hörməti təşviq edən siyasət dayanır.
YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində görülən işlərdən söhbət açaraq, belə tədbirlərin keçirilməsinin maarifləndirilmə baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Dini radikalizmi cəmiyyətdə yayanların əsasən insanların dini savadsızlığından və dünyagörüşlərinin zəif olmasından istifadə etdiyini bildirən Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayon qazısı Malik Bilalov dini maarifləndirmənin və insanlarda sağlam dini təsəvvürlərin formalaşdırılmasının radikalizmlə mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Günün ikinci yarısında din xadimləri və dini icma sədrlərinin iştirakı ilə görüş keçirilib.
Qeyd edək ki, konfrans işini 13-14 iyun tarixlərində davam etdirəcəkdir.