Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Rayon İcra Hakimiyyəti və N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin birgə təşkilatçılığı ilə “Milli qürurumuz Şuşa şəhəri” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, rayon N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin müdiri Leyla Məmmədova, “Zaqatala” qazetinin redaktor müavini Elmira Mehdiyeva, mərkəzi kitabxanalar sisteminin, eləcə də Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları və rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edib.
Çıxışlar zamanı Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərinin tarixi haqqında məlumat verilib, şəhərin 270 illik yubleyi ilə əlaqədar olaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu ilin ölkə ərazisində “Şuşa ili” elan edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, 1969-1982-ci illərdə Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi dövründə həyata keçirilən düşünülmüş və məqsədyönlü tədbirlər nəticəsində Şuşa şəhəri və bütöv Qarabağ torpaqları həmin dövrdə öz intibah dövrünü yaşadı. Ulu Öndər siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasi və hərbi addımlar nəticəsində doğma Şuşa şəhərinin düşmən əsarətindən azad edildiyi bildirilib, "Azərbaycan musiqisinin beşiyi” və milli qürurumuz olan Şuşa şəhərinin əvvəlki statusunun bərpası edilməsi,onun tarixən malik olduğu şöhrətinin özünə qaytarılması və inkişaf etdirilməsi, həmçinin şəhərin tarixi, mədəniyyəti və incəsənəti ilə dünya ictimaiyyətinin yaxından tanış edilməsi istiqamətində müəyyən addımların atıldığı vurğulanıb. 44 günlük tarixi Zəfərdən sonra işğaldan azad olunan ərazilərin bərpası, “Böyük Qayıdışın” təmin edilməsi və yeni infrastruktur layihələrinin icrasının hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biri olduğu bildirilib. Qeyd edilib ki, Qarabağ torpaqlarında düşmən vandalizminə məruz qalmış tarixi,dini və mədəni abidələr bərpa edilir, yeni dini, mədəni və ictimai abidələrin təməli qoyulur və müxtəlif formada yeni infrastruktur layihələr icra edilir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.