Aprelin 8-də Zaqatala şəhəri Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbində “Aprel döyüşləri - böyük Zəfərin astanasında” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Ramin Həsənov, şəhid ailələrinin üzvləri, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Vurğulanıb ki, döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. O da diqqətə çatdırılıb ki, dövlət suverenliyimizin tam bərqərar edilməsi və separatizmin kökünün kəsilməsi ilə Aprel şəhidlərinin də ruhu şaddır.