Zaqatalada maarifləndirmə tədbiri keçirilib
10 yanvar 2023, 09:45

Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ş.Qurbanov adına 3 N-li tam orta məktəbdə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın bölgə üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Rəcəb Əlizadə, 3 N-li tam orta məktəbin direktoru Mahirə Muradova, müəllimlər və  yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı Prezident cənab İlham Əliyevin başçılığı ilə dini sahəyə göstərilən diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə milli  və dini dəyərlərin, dövlət- din münasibətlərinin yüksək inkişaf səviyyəsinə çatması vurğulanıb.

Bildirilib ki, dövlətimiz tərəfindən  davamlı aparılan  uğurlu siyasət nəticəsində dini sahə də daxil olmaqla, ölkə ərazisində bütün sahələrdə sabitlik, əmin-amanlıq hökm sürür, milli, irqi, dini və məzhəb ayrı-seçkiliyi yaşanmır. Eyni zamanda xurafatın, cəhalətin, dini fanatizmin, dini radikalizmin və ekstremizmin mahiyyəti, fəsadları və onlara qarşı mübarizə yolları haqqında tədbir iştirakçılarına mühüm məlumat və tövsiyələr verilib.

Seminarın sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Oxu” sənədli filmi nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici ədəbiyyat təqdim edilib.