Zaqatalada “Etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusu müzakirə edilib
20 may 2025, 08:38

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Dürrə Hacıyeva, kollecin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən etibarən xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə və dini inanclarına dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlanılıb. Qeyd edilib ki, ölkəmizdə etiqad və inanc azadlığı təmin olunub, vətəndaşların vicdan azadlığı isə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində təsbit edilib.
Natiqlər, həmçinin, etiqad azadlığının möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən atılmış mühüm addımlardan danışıblar. Bildirilib ki, insanların inanc azadlığına hörmətlə yanaşmaq hər bir vətəndaşın həm hüquqi, həm də mənəvi borcudur.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.