Fevralın 8-də Zaqatala şəhər N.Hüseynov adına 2 saylı tam orta məktəbində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, orta məktəbin direktor müavini Təranə Xeyrullayeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından danışılıb. Vurğulanıb ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dini sahəyə göstərilən xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə milli və dini dəyərlər, dövlət və din münasibətləri ən yüksək inkişaf səviyyəsini yaşayır. Aparılan uğurlu siyasət nəticəsində dini sahə də daxil olmaqla ölkə ərazisində bütün sahələrdə sabitlik, əmin-amanlıq hökm sürür. Bildirilib ki, Azərbaycanda milli, irqi və dini ayrı-seçkilik yaşanmır, dinlər, məzhəblər və millətlərarası qarşıdurma baş vermir. Eyni zamanda, xurafat, dini fanatizm, dini radikalizm və ekstremizmin mahiyyəti, fəsadları və onlara qarşı mübarizə yolları haqqında da tədbir iştirakçılarına məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və seminar iştirakçılarına maarifləndirici ədəbiyyat təqdim edilib.