Sentyabrın 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Balakən rayonunda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində “Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gənclərin səfərbər edilməsi, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi” adlı onlayn seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev, Ruslan Əfəndiyev və Vüqar Məmmədov, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, Balakən rayonu Gənclər evi Sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev, Balakən rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva, rayon ictimaiyyətinin nümayəndələri, Balakən rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və gənclər iştirak edib.
Çıxışlar zamanı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq ölkəmizdə gənclər arasında humanizm və sülhsevərlik dəyərlərinin təbliği istiqamətində müsbət addımların atıldığı qeyd edilib. Tədbirdə milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin önəmindən bəhs edilərək bildirilib ki, ölkə başçısının bütün sahələrdə olduğu kimi bu sahəyə də göstərdiyi qayğı nəticəsində ölkəmizdə dini dəyərlər, dövlət və din münasibətləri ən yüksək inkişaf səviyyəsindədir. Daha sonra dini ekstremizmin, radikalizmin fəsadları və onlara qarşı mübarizə yolları haqqında gənclərə dəyərli məlumat və tövsiyələr verilərək gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün mili-mənəvi dəyərlərə, dövlətinə bağlı olmasının önəmi vurğulanıb.
Tədbirin yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.