Zaqatalada din xadimlərinin iştirakı ilə seminar-treninq keçirilib
15 yanvar 2024, 08:30

Yanvarın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Zaqatala rayon Qazılığının birgə təşkilatçılığı ilə “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı ötən ildə görülən  işlərə dair ətraflı məlumat verilib, məscidlərdə QMİ-nin rayonlar üzrə verdiyi təqvimə uyğun olaraq azanın verilməsinin davam etdirilməsi, dini ayin və mərasimlərin  icrası zamanı mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi vurğulanıb. Cəhaləti, xurafatı, dini fanatizmi və dini radikalizmi yayan qeyri-ənənəvi dini təriqətlərin və radikal dini cərəyanların zərərli təsirinə qarşı cəmiyyət arasında maarifləndirici işlərin görülməsində, milli-mənəvi və İslam  dini  biliklərinin cəmiyyətimizə düzgün şəkildə təbliğ olunmasında, zərərli və yalnış çıxışlara qarşı sosial şəbəkələrdə aktiv fəaliyyətin göstərilməsində din xadimləri və dini icma sədrlərinin üzərinə mühüm vəzifələrin düşdüyü diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib.