İyulun 20-də Zaqatala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayon Qazılığının birgə təşkilatçılığı ilə Zaqatala rayonunda “Aşura mərasimi: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov, din xadimləri və dini icma sədrləri iştirak edib.
Bu mövzuda növbəti tədbir Balakən RİH-nin, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin və Balakən rayon Qazılığının birgə təşkilatçılığı ilə baş tutub. Seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, rayonun dini icma sədrləri və din xadimləri iştirak edib.
Çıxışlar zamanı Məhərrəm ayının və Məhərrəmlik mərasimlərinin və dini ənənələrin qədim tarixi kökləri haqqında ətraflı məlumat verilib. Son illərdə məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Kərbəla şəhidlərinin xatirəsinə qan vermə aksiyasının keçirildiyi bildirilib, dindarların qanvermə aksiyalarında fəal iştirakının xalqımız tərəfindən təqdir edildiyi və bu addımın ən münasib əzadarlıq nümunələrindən biri olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla aparılan dövlət-din siyasəti, milli-mənəvi və dini dəyərlərin, multikultural və tolerant mühitin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi, geniş maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsi barədə ətraflı bəhs edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.