Yevlaxda "Zəfər günü: milli və mənəvi həmrəyliyin Şuşa zirvəsi” mövzusunda tədbir keçirilib
01 noyabr 2022, 07:07

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə "Zəfər günü: milli və mənəvi həmrəyliyin Şuşa zirvəsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, şəhid atası Fərman Kazımov, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənclərin milli-mənəvi dəyərlər istiqamətində yetişdirilməsinin əhəmiyyətindən bəhs ediblər. Eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunmasını böyük qələbə, tarixi hadisə adlandırıblar. Xalqımızın əldə etdiyi Zəfəri Vətən müharibəsinin qızıl səhifəsi kimi dəyərləndiriblər.