Yevlaxda “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda seminar keçirilib
06 avqust 2026, 17:52

Avqustun 6-da Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi, Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Yevlax şəhər Heydər Əliyev Mərkəzi və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Seminarda DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, YAP Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, Yevlax şəhər MKS-nin İnformasiya resursları şöbəsinin müdiri Xədicə Tapdıqova, eləcə də kitabxana əməkdaşları və dindarlar iştirak ediblər.

Çıxışçılar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə şəhərsalma sahəsində unikal ölkə olduğunu vurğulayıblar. Qeyd olunub ki, müasir memarlıq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi memarlıq irsinin qorunması və modern şəhər mühitinin planlı qurulması baxımından müstəsna əhəmiyyət daşıyır. Azad olunmuş ərazilərdə, o cümlədən Ağdam və Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də bu diqqətin bariz nümunəsidir.

Eyni zamanda bildirilib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və qarşılıqlı hörmət mühitində birgə yaşayır, öz dini ayinlərini sərbəst icra edirlər. Müxtəlif dinlərə məxsus məscid, kilsə və sinaqoqların dövlət tərəfindən bərpası və qorunması Azərbaycanın zəngin mənəvi irsinə göstərilən bərabər münasibətin göstəricisidir.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.