Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin müdiri vəzifəsini icra edən Natiq Əfəndiyev, əməkdaşı Valeh Rəşidov, Yevlax Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, Yevlax şəhəri Mərkəziləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Tofiq Həsənov, Yevlax şəhəri Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, Yevlax Bələdiyyəsinin baş vergi nəzarətçisi Zamiq İsgəndərov, din xadimləri, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə mövzunun əhəmiyyətindən bəhs edilib. Qeyd edilib ki, sülh hər bir millətin, eləcə də cəmiyyətin, bütövlükdə isə bütün bəşəriyyətin arzuladığı böyük bir dəyərdir. Ümumiyyətlə tarix boyu bütün bəşəriyyəti düşündürən ən əsas məsələlərdən bir də sülhün qorunması, insanların əmin-amanlıqla yaşaması, amansız müharibələrin və zorakılığın qarşısının alınmasıdır. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Uzun illər aparılan araşdırmalar, qədim köklərə malik Azərbaycanın bir çox adətini əsrlər boyu qoruyub saxladığını üzə çıxarır.
Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi vəzifəni məhz Ümummilli lider Heydər Əliyev uğurla həyata keçirməyə nail olub. Ulu öndər Heydər Əliyev xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin mütərəqqi yolla inkişafını nəzərdə tutan siyasi kursu Müzəffər Ali Baş Komandan cənab prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Ölkə prezidentinin çoxsaylı fərman və sərəcamları, reallaşdırılan dövlət proqramları cəmiyyətin mənəvi kamilləşməsində, milli-mənəvi dəyərlərə yad təsirlərin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
Sonda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.