Yevlaxda maarifləndirici tədbir keçirilib
03 iyun 2022, 07:19

İyun ayının 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti  (ŞİH) və YAP rayon təşkilatı İnsan hüquqları aylığı çərçivəsində "İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur"  mövzusunda tədbir keçirib. Tədbirdə DQİDK-nın əməkdaşı Fərid Vaqifli, Yevlax ŞİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax şəhər təşkilatının sədri Rafiq Əliyev, təhsil, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

 Konstitusiyamızda yer alan maddələrin üçdəbir hissəsinin insan hüquq və azadlıqlarına həsr edildiyini bildirən çıxışçılar, dövlətin hər kəsin müdafiəsinə təminat verdiyini qeyd ediblər. Həmçinin Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi,  mütəxəssislərin hazırlanması və görülmüş digər işlərin ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisi olduğu vurğulanıb.

Sonda iştirakçıların fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.