Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına başlayıb. Aksiyaya Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə bu gün şimal-qərb bölgəsindən start verilib. Zaqatala, Balakən və Qax rayonlarında yerləşən məscidlərin, kilsələrin həyətlərində ağaclar əkilib, eyni zamanda təmizlik işləri aparılıb. Keçirilən aksiyalarda DQİDK-nın bölgə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin əməkdaşları, dini konfessiyaların nümayəndələri, regionun din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər.
Qeyd edək ki, aksiya çərçivəsində cari ilin may-oktyabr aylarında Bakı şəhərində, eyni zamanda respublikamızın bölgələrində dini icma üzvləri, din xadimləri, dini konfessiyaların nümayəndələri, habelə yerli icra hakimiyyəti orqanları və gənclərin iştirakı ilə silsilə abadlıq, yaşıllaşdırma tədbirləri keçiriləcək.