Yardımlıda “Zərərli vərdişlərə qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusu müzakirə olunub
19 dekabr 2024, 02:03

Dekabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə sektoru və rayon Peşə məktəbinin birgə təşkilatçılığı ilə  “Zərərli vərdişlərə qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Şəhriyar Şaqbıyev, Yardımlı Peşə məktəbinin direktoru Ruslan Ataşlı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, narkomaniya və zərərli vərdişlərə qarşı mübarizədə təkcə dövlət strukturları deyil, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri birgə mübarizə aparmalıdırlar. Tədbirdə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışılıb.