Yardımlıda “İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşı” mövzusunda tədbir keçirilib
12 aprel 2017, 09:36
Aprelin 12-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin  gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Yardımlı şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
“İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşı” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Miryəhya Bədirov və Elvin Hüseynli, Yardımlı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Abışova, Yardımlı Rayon Təhsil şöbəsinin əməkdaşı Daməd Nəzərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Yardımlı rayon şöbəsinin əməkdaşı, dini icma sədrləri Asif Ağayev, Əli Orucov,müəllim və şagirdlər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Abışova dini radikalizm və ekstremizmlə bağlı son vaxtlar ölkə miqyasında aparılan maarifləndirmənin önəmindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, DQİDK-nın dini radikalizm və ekstremizmə qarşı apardığı maarifləndirici tədbirlərin və bu məqsədlə çəkilmiş “Fitnə” filminin önəmindən söz açıb.
Tədbirdə DTX-nın Yardımlı Rayon Şöbəsinin əməkdaşı, Rayon Təhsil Şöbəsinin metodisti Daməd Nəzərov, Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev və başqaları müzakirə olunan mövzu ilə bağlı öz fikirlərini bildirərək gənclərə tövsiyələrini veriblər.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.