Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Yardımlı rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Yardımlı rayon Gənclər və İdman idarəsinin əməkdaşı Şəhriyar Şabıyev, şəhər 4 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Vurğulanıb ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac vardır. Bununla bağlı “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində bir sıra mühüm sənədlərin hazırlanması sahəsində tədbirlər görülüb.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.